04 iyul 2024 01:18
329

Dostluğumuz, qardaşlığımız əbədi olacaq - ŞƏRH

İyulun 5-6 tarixlərində Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu birliyin, qardaşlığın dünyaya növbəti təqdimatı olacaq

Tarixi Zəfərimiz digər sahələr kimi, xarici siyasətimizdə də mühüm yeniliklərə, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da möhkəmlənməsinə  yol açdı. Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük.

Şanlı Qələbəmizdən sonra türkdilli dövlətlər arasında əlaqələrin daha yüksələn xətlə inkişafı, bu birliyin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasında stimulverici amilə çevrilməsi diqqətdən kənarda qalmır. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev  hər bir çıxışında türk dünyasının  böyük bir ailə olduğunu xüsusi  qeyd edir. Bu hədəf açıqlanır ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Qeyd etdiyimiz kimi,  dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri davamlılığı ilə diqqətdədir. Qarşılıqlı səfərlərin say tərkibi, imzalanan sənədlər münasibətlərimizin bugünü və gələcəyi barədə aydın təsəvvür yaradır. Statistik rəqəmlərə diqqət yetirsək son üç ildən artıq dövrdə cənab İlham Əliyev   Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən çox  səfər edib.  Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər.  Özbək xalqının  hədiyyəsi olan və Füzulidə inşa edilərək açılış mərasimi keçirilən  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, həmçinin  Qazaxıstan tərəfindən  Füzulidə tikilib istifadəyə verilən  Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini qeyd edə bilərik. Bu sırada  Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və sair qeyd etmək olar. Eyni zamanda, ötən ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına Türk Dövlətləri Təşkilatına  üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır. Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.

Dövlət başçısı  İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirmişdir: «Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.» Cənab İlham Əliyevin  təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının  inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb. Bu statistik rəqəmi də xüsusi qeyd etməliyik ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard  dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.  Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, hazırda  dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının  kobudcasına pozulmasından bəhs etməsin. Bu reallıq inkaredilməzdir ki, dünya hüquq problemini yaşayır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanması fonunda bu reallıq öz təsdiqini tapır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, beynəlxalq hüququn norma və  prinsiplərinin tətbiqi üçün vahid mexanizm yoxdur. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana  gəldikdə isə 27 il gözləməli olduq. Bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normalarının  kobud şəkildə pozulması, müharibələrin, qanlı münaqişələrin  alovlanması fonunda cənab İlham Əliyev bu çağırışı edir ki, belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Bu mühüm məqam da xüsusi vurğulanır ki, türkdilli dövlətlər arasında  bir ölkənin problemləri digərini düşündürməli, həlli istiqamətində birgə addımlar atılmalıdır. 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqları türk dünyasının bu sahədə göstərdiyi birliyin, həmrəyliyin nümayişi oldu. Azərbaycan daim bu birliyin möhkəmləndirilməsinə davamlı töhfələri ilə diqqətdə olub. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.  Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradılıb. O vaxt Sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına  çevrilib və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var.

Azərbaycan Türk Şurasına sədrlik etdiyi dövrdə bu birliyin təmin edilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi  zamanlarda Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşü keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən  ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatına, dağıntılara səbəb oldu. Azərbaycan ilk dəstək göstərən ölkə oldu. “Biz sizinləyik qardaş Türkiyə” devizi altında həyata keçirilən yardım kampaniyası dünyaya Türk dünyasının növbəti birlik mesajı oldu. O da məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin  martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha  Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma oldu. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkdilər, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.

Ötən ilin noyabr ayında isə Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi.  Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar önə çəkilərək qeyd edildi ki, dost Azərbaycan xalqı türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır.  Zirvə görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev türkdilli dövlətlər arasında son illər əlaqələrin daha da inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdıraraq belə bir əminliyi ifadə etdi ki, biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Keçirilən tədbirlərdə diqqət göstərilən məsələlərdən bir türkdilli dövlətlər arasında enerji sektorunda əməkdaşlıq olur. Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığı önə çəkilərək bildirilir ki, nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi əsas hədəflər sırasındadır.  Bu baxımdan  Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylər davam etdirilir.

Azərbaycan və Türkiyənin türk dünyasının birliyinə töhfələri daim təqdir edilir.  Belə ki,  2021-ci ildə Azərbaycan Prezidentinin, 2022-ci ildə isə Türkiyə Prezidentinin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bunun bariz nümunəsidir.

Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabr ayının 19-20 tarixlərində Azərbaycan Silahlı qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Sentyabrın 20-dən yeni dövr başladı. Dövlət başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkiləri yeni dövrə xeyir-duasını verdi.

Növbədənkənar prezident seçkilərində növbəti dəfə inamlı qələbə qazanan cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bütün sahələr üzrə qarşıda dayanan hədəfləri açıqladı. Daxili siyasətimizin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımız da xüsusi qeyd edildi. “Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” söyləyən dövlət başçısı İlham Əliyev onu da  bildirdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq. İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır… Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”

İyul ayının 5-6 tarixlərində Qarabağın tacı Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Ötən il Şuşa türk dünyasının, bu il isə islam dünyasının mədəniyyət paytaxtı elan edilib. Hər iki addım Azərbaycanın döyünən ürəyi, hər daşı, qayası bir tarix olan  Şuşanın önəmini nümayiş etdirir. Bu məkandan bir daha türk dünyasının birliyi, həmrəyliyi dünyaya çatdırılacaq. Daim qeyd etdiyimiz kimi, hər bir tədbir  əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həqiqətlərinin, erməni vəhşiliklərinin dünyaya çatdırılması üçün imkanlar yaranır.  Artıq bu gün işğaldan azad edilmiş bütün torpaqlarımız, o cümlədən azad Şuşamız erməni vəhşiliklərinə şahidlik edir. Bu torpaqlara səfər edən xarici qonaqlar öz gözləri ilə ermənilərin 30 illik işğal dövründə Azərbaycan torpaqlarında necə vəhşiliklər törətdiklərini görürlər. Şuşa növbəti dəfə reallıqlarımızın təqdimatı ilə diqqətdə olacaq.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm sürətli, yəni davamlı təmaslara ehtiyac var. Eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. 

Yeganə Əliyeva, “İki sahil”