03 iyul 2024 21:14
212

Təhsil insan həyatını dəyişən dəyərlərə malikdir

Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır
Ulu Öndər Heydər Əliyev

İnsanları cəhalətdən xilas edərək uğura aparan yol təhsildir. Uzun bir macəra kimi görünsə də, parlaq gələcəyə çatmaq üçün hər bir insanın təhsilə ehtiyacı var. Təhsil insan həyatını dəyişən dəyərlərə malikdir. Təhsil vasitəsilə cəmiyyətə inteqrasiya olunan qadınlar bir çox qlobal problemlərin həllində xüsusi yer tuturlar. Qadın milli mədəniyyətin dəyərini öyrənməklə və qəbul etməklə öz ideyalarına sahib şəxsiyyət kimi yetişir, ailə daxilində, daha geniş cəmiyyət içərisində öz vəzifələrini yerinə yetirə bilir. Bu xüsusiyyətləri qazanan qadın sosiallaşır, beləliklə, daha funksional və daha səmərəli olur.

Təhsil cinsindən asılı olmayaraq, hər kəsə ictimai həyatın müxtəlif sahələrində iştirak etməyə imkan verir və onları layiqli şəraitlə təmin edir. Məhz bu səbəbdən təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Bütövlükdə təhsil sistemində, eləcə də həm orta, həm də ali təhsil pillələrində gender bərabərliyi məsələsi xüsusi aktuallıq kəsb edir. Təhsildə gender problemindən bəhs edərkən peşə seçimində gender balansının pozulmasının gələcək fəsadlarına toxunmaq yerinə düşər. Ali təhsil sahəsində aparılmış tədqiqatlar nəticəsində aydın olub ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika və psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Bu sahələrə qızların daha çox meyl etməsi, oğlanların həmin peşələri “qeyri-kişi” peşələri kimi qəbul etməsinə görə gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadınların rolunun güclənməsindən xəbər verir.

Müasir dünyagörüşə zidd olan köhnə baxışları inkar etmək və zəruri olanı təsdiq etmək təhsildə mövcud olan gender problemlərini aradan qaldırmaq baxımdan günün tələbidir. Bu tələbi həyata keçirmək məhz müəllimlərin və məktəb rəhbərliyinin səlahiyyətlərindən biridir. Şagirdlərə hələ məktəbəqədər və məktəb dövründən aşılanan fikir və ideyalar onların gələcək həyatında düzgün qərar verməsinə imkan yaradır. Qızların təhsilə cəlb olunmasını təkmilləşdirə biləcək bir neçə uğurlu layihələr həyata keçirilib. Bəzən valideynlər qızlarını məktəbdən yayındıraraq, onların erkən yaşda ailə həyatına atılmasını istəyirlər. Bunun gələcəkdə hansı acı nəticələrə səbəb olacağını dərk etmirlər. Bu hala daha çox təhsili olmayan valideynlər arasında rast gəlinir. Onlar düşünürlər ki, qızlarını məktəbdən uzaqlaşdırıb erkən yaşda ərə verməklə “ailənin yükü” azalır. Daha fikirləşmirlər ki, bu addımla övladlarının gələcəyini məhv edirlər. Bir qızın təhsildən uzaqlaşdırılması isə bütöv cəmiyyətə təsir edir. Bəlkə də məktəbdən uzaqlaşdırılaraq erkən yaşda nikaha məcbur edilən bu qızlar gələcəyin yaxşı həkimi, müəllimi, mühəndisi və yaxud da jurnalisti olaraq öz dövlətinin inkişafı üçün çalışacaqdır.

Təhsilli qadın təhsilli cəmiyyət deməkdir. Xatirəsini ehtiramla yad etdiyimiz, təhsili olmayan Hacı Zeynalabdin Tağıyevin qızların, qadınların təhsilinə bu qədər önəm verməsinin rəmzi məna daşıdığı, 1901-ci il 7 oktyabr tarixində bu böyük xeyriyyəçinin təşəbbüsü və səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlayıb. 50-dən artıq qızın dərsə başladığı bu məktəbin ölkəmizin, o cümlədən Yaxın Şərqin bütün sahələr üzrə inkişafına necə böyük təsir göstərdiyi gözlər önündədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əsasnaməyə uyğun olaraq ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir. Ailələrdə gender münasibətlərinin düzgün formalaşdırılması mövzusunda layihələrin həyata keçirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində əhalinin müxtəlif təbəqələri ilə maarifləndirmə tədbirlərinin davam etdirilməsi, bu istiqamətdə kütləvi informasiya vasitələrinin fəallığının artırılması ilə təhsildə gender bərabərliyini təmin etmək mümkündür.

Ulu Öndər Heydər Əliyevin “Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır” fikrini rəhbər tutaraq məhz gələcəyimiz olan şagirdlərlə bağlı bir məsələni araşdırmağa çalışdıq. O məsələ ki, daim diqqət mərkəzində olub və olacaq. Gələcəyimizin savadlı kadrlarının yetişdirilməsində mühüm faktor rolunu oynayan bu məsələ isə valideyn - məktəb əməkdaşlığıdır. Heç şübhəsiz ki, valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa tərəfdaşı kimi çıxış etməlidirlər. Təbii haldır ki, ilkin olaraq öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən şagird ən azından bu öhdəliyi hiss edir və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalışır. Təəssüflər olsun ki, valideynlər bütün məsuliyyəti məktəb üzərinə atmaqla özlərini “sığortalanmış” hiss edirlər. Nəticədə genetik və ya fərdi istedad kimi istisna halları çıxmaqla, bu cür diqqət və nəzarətdən kənar qalan şagirdlərin təhsilində geriləmə müşahidə olunur. Necə deyərlər, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Şagirdin təhsilində əldə etdiyi uğur ailənin bu sahəyə verdiyi önəmlə əlaqəlidir. Ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır. Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir.

Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli Fərmanı ilə yaradılıb. Bu Fond ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir. Fondun əsas fəaliyyət istiqamətləri təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması ilə yanaşı, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etməkdir. Dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yardım göstərmək də sözügedən Fondun mühüm fəaliyyət istiqamətlərinə aiddir.

Təhsilin İnkişafı Fondunun fəaliyyəti dövründə önəm verdiyi məsələlərdən biri də məhz gənc qızların təhsilinə dəstək verməkdir. Fond, xüsusilə qızların təhsil almasında, müəyyən bacarıqlara yiyələnməsində bir sıra imkanları təqdim edir. Bu Fond ölkəmizin bütün ərazilərində, elm və təhsilin, yəni, təhsilverən və təhsilalanların olduğu şəhər və rayonlarımızda uğurlu fəaliyyətin həyata keçirilməsində maraqlıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə 2021-ci ildən həyata keçirilən “Gənc Qızların Təhsilinə Dəstək” kampaniyası getdikcə daha böyük maraq cəlb etməkdədir. Bu kampaniya 2023-cü ildən “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi kimi davam edir. Burada məqsəd Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və regionlardan olan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızların təhsilinə dəstək göstərməkdir.

Sözügedən layihə çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı ilə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən olan gənc qızların təhsilinə dəstək verilir. Elm və Təhsil Nazirliyi ilə birgə icra edilən bu proqramda 80 tələbə qız ay ərzində 200 manat məbləğində təqaüdlə təmin olunur.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi hazırda bir sıra özəl qurumlarla birgə icra edilir. “NEQSOL Holding” ilə birgə əməkdaşlıq çərçivəsində “Parla” təqaüd və inkişaf proqramına 674 müraciət arasından ən yüksək göstəriciyə malik 50 tələbə seçilib, onlar aylıq 200 manat məbləğində təqaüd alır. Qızlar əsasən bu Holdinqin fəaliyyət sahələrinə yaxın ixtisaslar üzrə təhsil alırlar. Təqaüdlə yanaşı, qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına, “Coursera” və “LinkedIn” öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edilir.

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı ilə “Zərif mühəndislər” xanımların inkişafı proqramı həyata keçirilir. Layihə çərçivəsində qalib gələn 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaqdır.

2023-cü ildən başlayaraq, “İnci Group of Companies” şirkəti ilə əməkdaşlıq çərçivəsində region məktəblərinə kitablar ianə edilir. Layihə çərçivəsində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara Regional Təhsil idarələrinin məktəblərinə dünya və Azərbaycan klassik ədəbiyyatına aid 4800 kitab ianə edilib. Bu il də 5000 kitabın region məktəblərinə ianəsi planlaşdırılır.

Bu il “Silk Way” şirkəti ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində 6 məktəb binasının tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. 5 məktəb Bakı şəhərində, 1 məktəb isə Kürdəmir rayonunda yerləşir.

2024-cü ilin mart ayında Təhsilin İnkişafı Fondu “VISA” şirkəti ilə əməkdaşlıq razılaşması imzalayıb. Əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində təhsilverən və təhsilalanlar tərəfindən edilən nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsidir.

“Women in Tech” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq əsasında təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramının əsas məqsədi qadınların informasiya texnologiyaları və yüksək texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Beləliklə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif layihələrin icrası, təhsilalanların şəxsi və peşəkar inkişafı, təhsilverənlərin bacarıqlarının artırılması, təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi Təhsilin İnkişafı Fondunun qarşıda duran hədəflərinə aiddir. İndiyədək görülən işlərdə olduğu kimi, bu Fond gələcəkdə təhsil ictimaiyyəti, eləcə də dövlət və özəl sektorda olan bütün tərəfdaşları dinləmək, təhsilimizin dayanıqlı inkişafına birlikdə dəstək olmaqda maraqlıdır.

Cavid Əkbərov, “İki sahil”

Yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur