10 iyul 2024 09:13
321

Qarabağ Bəyannaməsi TDT-nin beynəlxalq nüfuzunu daha da artıracaqdır

Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü bir sıra mühüm məsələlərin müzakirəsi və təkliflərlə yadda qaldı. Azərbaycanın tarixi-mədəni paytaxtı Şuşa şəhəri həm də siyasi  hadisələrin məkanına çevrilib. Bu günlərdə keçirilən və Qarabağ Bəyannaməsi imzalanması ilə nəticələnən  Türk Dövlətləri Təşkilatının (TDT) görüşü buna əyani misaldır.  Bu strateji sənədə TDT-nın  gələcək inkişafı üçün onlarla təşəbbüs və xüsusən də Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi üzrə danışıqların başa çatdırılması, Dəmir Yolları İdarəetmə Şurasının yaradılması, İnsan Kapitalının İnkişafı üzrə Tədqiqat Mərkəzinin formalaşdırılması daxildir.

Qeyri-rəsmi görüş zamanı Təşkilatın Katibliyin tərkibinin genişləndirilməsi və büdcəsinin artırılması barədə də qərar imzalanmışdır.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür”. Hansı hədəflər var? Gələcək  perspektivlər  nədən ibarətdir?

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində nitqində türk dünyası ilə əməkdaşlığın önəmli olduğunu bildirib: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik". Ölkə başçısının dediyi kimi, bizi heç yerdə gözləmirlər, ancaq bununla yanaşı, Azərbaycan elə bir çevik siyasət yürüdür ki, onunla hesablaşmağa məcburdurlar. Məlumdur ki, indi dünyanın nizamı yenidən qurulur. Yeni güc mərkəzləri yaranır. 15 il bundan əvvəl, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanmışdır. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önəm verilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edib. Əlbəttə ki, Türk Şurasının yaradılmasına dair qərarın, Naxçıvanda keçirilən Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün rəmzi əhəmiyyət daşıyır. Keçən müddət ərzində bu təşkilat  inkişaf yolu keçərək, mühüm  layihələr həyata keçirmişdir. 2020-ci ildə Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin etməsi, eyni zamanda,  Türkiyənin  ilk gündən siyasi və mənəvi dəstək göstərməsi  türk dövlətləri üçün çox gözəl bir nümunə oldu. Azərbaycanın yaratdığı yeni reallıqlar təkcə Cənubi Qafqazda deyil, həm də Türk dünyasında  müəyyən imkanların yaranmasına, əməkdaşlığın daha da dərinləşməsinə səbəb oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  2021-ci il noyabrın 12-də yaradılan Türk Dövlətləri Təşkilatı səviyyəsinə yüksəldilməsindən indiyədək müxtəlif istiqamətlərdə otuza yaxın təşəbbüs irəli sürülüb və onların ardıcıl həyata keçirilməsi üçün hər cür imkan var. 2023-cü ildə TDT ölkələri arasında ticarət dövriyyəsi dəyər ifadəsində 2022-ci illə müqayisədə 27,3 faiz artaraq 42 milyard dollara çatıb və TDT  qrupuna daxil olan dövlətlərin ümumi ÜDM-i hazırda bir trilyon yarım dollar təşkil edir. Bütövlükdə türk dünyası 200 milyondan artıq əhalisi olan geniş coğrafi ərazini əhatə edir və əhəmiyyətli enerji ehtiyatlarına, nəqliyyat kommunikasiyalarına və müasir müdafiə imkanlarına malikdir. Bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün əsas vasitələrdən biri ilk təsis toplantısı 2024-cü ilin mayında İstanbulda baş tutan Türk İnvestisiya Fondudur. Yəni, TDT strukturlaşır, daha da güclənir.

Digər vacib bir məsələ isə Türk Dövlətləri Təşkilatının Avrasiyanın əsas iqtisadi mərkəzləri ilə inkişaf etmiş kommunikasiyaların olmasıdır. Orta Dəhliz çərçivəsində malların çatdırılma müddətini optimallaşdırmaq üçün Qazaxıstan Respublikası multimodal rəqəmsal platforma Rəqəmsal Ticarət Dəhlizini istifadəyə verib. Hazırda Bakı və Astana ikitərəfli dəmir yolu administrasiyalarının inteqrasiyasını başa çatdırıblar ki, bunun sayəsində ötən il Orta Dəhlizinin Xəzər seqmenti üzrə yükdaşımaların həcmi 65 faiz artaraq üç milyon tona çatıb.Türk  dünyası ideyası təkcə etnik-mədəni qardaşlığın simvolu ola bilməz, həm də birgə sosial-iqtisadi dinamikaya təkan verə bilər. Prezident İlham Əliyevində vurğuladığı kimi : “Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir”. Artıq Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılmışdır. 2030-cu ilə qədər isə Orta Dəhliz marşrutu üzrə yükdaşımaların həcmi 11 milyon tona qədər arta bilər.  Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəkdir. Yeni və nisbətən əlverişli texnoloji həllərdən istifadə etmək imkanı olacaqdır. Belə ki, Qarabağ Bəyannaməsində məqsədi Avropa və Asiya arasında magistral telekommunikasiya marşrutunun yaradılması olan Rəqəmsal İpək Yolu layihəsinin fəal həyata keçirilməsinin zəruriliyi vurğulanır. Rabitə infrastrukturunun özündən əlavə, bu layihə təşkilata üzv olan ölkələr daxilində rəqəmsal məlumatların mübadiləsini asanlaşdıracaq, elektron hökumətin imkanlarını inkişaf etdirəcək, vətəndaşlar və biznes üçün “bir pəncərə” xidmətləri (üzv ölkələr daxilində elektron rəqəmsal imza mübadiləsi) kimi həmçinin, kiçik və orta biznesin “vahid pəncərə”də ixracına və dövlət onlayn xidmətlərinin inteqrasiyasına dəstək vermək. Rəqəmsal Körpü həmçinin məlumat mərkəzləri və bulud məlumatlarının saxlanması üçün ən yaxşı təcrübələri təşviq edəcəkdir. TDT-nın İnsan Kapitalının İnkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsü irəli sürüldü.  Və bu da çox vacib məsələdir. Qarabağ Bəyannaməsində “türk dil modeli platformasında süni intellekt layihələrinin uğurlu inkişafı üçün üzv dövlətlərin böyük dil modelinin yaradılması zərurəti qeyd olunur ki, bu da mədəniyyətlərarası ünsiyyəti asanlaşdıracaq və mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcəkdir. Eyni zamanda, təhsil platformaları, səhiyyə texnologiyalarını təkmilləşdirmək və iqtisadi inteqrasiyanı təşviq etmək məsələləri də prioritetdir. Dünyada uran istehsalının təxminən 52 faizi Qazaxıstan və Özbəkistanın payına düşür (bunun 40 faizindən çoxu Qazaxıstandan). Bu baxımdan Mərkəzi Asiya gözlənilmədən qlobal dünyada çox mühüm status qazandı. Beləliklə, əslində, TDT bölgəsində sabitliyin qorunmasında üzv dövlətlərin  təhlükəsizlik və müdafiə qüvvələrinin birgə əməkdaşığının daha da təkmilləşdirilməsi məsələsini aktuallaşdırır. Qarabağ Bəyannaməsində həmçinin bərpa olunan enerji layihələrinin, xüsusən də Xəzər Enerji Kabel layihələrinin və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin sinxronlaşdırılmasının (qarşılıqlı əlaqə) inkişafının zəruriliyi qeyd olunur.

Beləliklə, türk dünyası ideyası təkcə etnomədəni qardaşlığın simvoluna çevrilə bilməz, həm də birgə sosial-iqtisadi dinamikaya təkan verə, elmi-texniki tərəqqini inkişaf etdirə və böyük Avrasiya transregional inteqrasiya layihələrinin tərkib hissəsi ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir”.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor