04 oktyabr 2026 12:42
174

Zəfərin Və Dirçəlişin Təntənəsi: 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü

Tariximizin şərəf və qürur səhifələrindən biri olan 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününü böyük fəxarət və coşğu ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi, o cümlədən 4 oktyabr gününün Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunması tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal zamanı 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan rayon ciddi dağıntılara məruz qalmış, 1050 kvadratkilometrlik ərazidə infrastruktur və yaşayış məskənləri vəhşicəsinə məhv edilmişdir. İşğal nəticəsində Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və 100-ə yaxın kənd dağıdılmışdır. Birinci Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid olmuş, 191 nəfər əlil qalmış, 6 sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Zəngin sement, mərmər, mişar daşı, dəmir filizi yataqlarına və inkişaf etmiş kənd təsərrüfatına malik olan bu region işğal dövründə amansız istismara və barbarlığa məruz qaldı. Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, "Divlər Sarayı" mağarası, Çələbilər kəndindəki Məscid kompleksi, Sultan Məcid hamamı və onlarca arxeoloji, memarlıq abidələri erməni vandalizminin qurbanına çevrildi. 58 rayonun 2000-dək yaşayış məntəqəsində müvəqqəti məskunlaşan cəbrayıllı məcburi köçkünlər illərlə doğma yurd həsrəti ilə yaşadılar.

Qayıdış dastanının təməli hələ 1994-cü ilin yanvarında Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi ilə qoyulmuşdu. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu və bu, Böyük Qayıdışın ilk addımına çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində Cəbrayıl əməliyyatı xüsusi hərbi və strateji əhəmiyyət kəsb edirdi. Düşmənin möhkəmləndirdiyi bir neçə xətdən ibarət istehkamların yarılması böyük qəhrəmanlıq tələb edirdi. Cəbrayıl şəhərinin və rayon kəndlərinin azad edilməsi Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətində uğurlu əks-hücum əməliyyatlarına geniş yol açdı. 2020-ci il oktyabrın 4-də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Cəbrayıl şəhərini düşməndən təmizlədi.

Cəbrayılın azad olunmasında rəşadət göstərən Silahlı Qüvvələrimizin 22 797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Qədim Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm hadisə oldu.

Bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə icra olunur. Belə ki "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması regionun inkişaf drayverinə çevrilib. 200 hektarlıq ərazini əhatə edən parkda logistika, ticarət və istehsalat sahələri üzrə müəssisələr fəaliyyətə başlayır. Digər tərəfdən Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, şəhərdə az və orta mərtəbəli binalar, modern fərdi evlər inşa edilir. Cəbrayıl yaşayış kompleksində 33 çoxmənzilli bina istifadəyə verilib. Eyni zamanda Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərinin də Baş planları hazırlanaraq ardıcıl şəkildə həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində cəbrayıllılar artıq öz baba ocaqlarına qayıdırlar. 2024-cü il sentyabrın 26-da Bakıdan yola salınan ilk köç karvanından bəri cəbrayıllı soydaşlarımız Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində məskunlaşıblar. 2026-cı ilin sentyabr göstəricilərinə görə, Cəbrayıl şəhərində 680 ailə (2 974 nəfər), Horovlu kəndində 321 ailə (1 326 nəfər), Şükürbəyli kəndində isə 599 ailə (2 749 nəfər) olmaqla, ümumilikdə 1 600 ailə — 7 022 sakinin daimi məskunlaşması təmin edilmişdir.

Ölkə başçısının Cəbrayıl rayonuna etdiyi çoxsaylı səfərlər, təməlqoyma və açılış mərasimləri bu torpaqlara verilən böyük dövlət qayğısının bariz nümunəsidir. Bu gün Cəbrayıl təkcə bərpa olunmur, həm də müasir, modern və çiçəklənən bir diyara çevrilir.

Anar Məmmədov, 

Milli Məclisin deputatı