10 iyul 2024 16:53
229

Azərbaycan nümayəndə heyəti Niderlandın aqrar təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığına səfər çərçivəsində bu ölkənin aqrar təhsil müəssisələrinin, kənd təsərrüfatı şirkətlərinin və aparıcı təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "İki sahil"ə bildirilib ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Niderlandın kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış peşə-ixtisas təhsili müəssisəsi olan AERES kənd təsərrüfatı məktəbinin maddi-texniki bazasına baş çəkib. Bildirilib ki, məktəbdə bakalavr və magistratura, peşə təhsili üzrə 100-ə yaxın kurs və təlim proqramı mövcuddur. Bu təhsil müəssisəsində ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmiş aqrar sahə üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Kurs və təlim proqramının iştirakçıları burada bitkiçilik, meyvəçilik və heyvandarlıq sahəsində zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnirlər.

Görüşdə aqrar təhsilin təşkili, AERES ilə Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti Niderland Quşçuluq Mərkəzinə baxış keçirib, quş əti və yumurtaların çeşidlənməsi prosesini izləyib. Həmçinin ölkədə quşçuluğun inkişafı istiqamətləri, bu sahədə əməkdaşlıq imkanları yerli mütəxəssislərlə müzakirə edilib.

Nümayəndə heyəti yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan, dünyada kənd təsərrüfatı sahəsində kadr hazırlığına görə xüsusi reytinqə sahib olan Wageningen Universitetini də ziyarət edib, ali təhsil müəssisəsində tədrisin təşkili prosesi ilə maraqlanıb. Sağlam qida və ətraf mühit prinsiplərinə xüsusi diqqət yetirildiyini deyən universitet rəhbərliyi tədris metodikası, elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib, ali təhsil müəssisəsində səfər iştirakçıları üçün istixana bağçılığı, bitkiçilik və toxum yetişdirmə texnologiyaları ilə bağlı təqdimatlar keçiriblər.

Görüş zamanı Wageningen Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib.

Müasir istixana bağçılığı üzrə ixtisaslaşan Dünya Bağçılıq Mərkəzinə (World Horti Center) baş çəkən səfər iştirakçıları bu sahədə tətbiq olunan innovasiyalar, istixana sistemində tətbiq olunan innovativ işıqlandırma texnologiyası ilə tanış olublar.

Azərbaycan nümayəndə heyəti üçün “Signify” şirkəti tərəfindən istixanaların elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı təqdimat keçirilib.

Nümayəndə heyəti bağçılıq sahəsi üzrə ixtisaslaşmış məsləhət bürosunu da (Looije Agro Technics) ziyarət edib, Azərbaycanda mövcud olan istixana komplekslərinin müasirləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Niderlandlı mütəxəssislər müasir istixanaların qurulması və idarə olunması ilə bağlı Azərbaycandakı tərəfdaşlarına kömək etməyə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində gülçülük və toxumçuluq təsərrüfatlarına da baxış keçirib, burada tətbiq edilən müasir becərmə texnologiyaları ilə tanış olublar.