14 iyul 2024 10:29
482

“Sirun jan” mahnısının musiqi platformalarından silinməsi istiqamətində işlər davam etdirilir

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısının musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) silinməsi və qadağan edilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Xəbər verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.

Milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparılır.

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibəti göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.

İlkin mərhələdə artıq erməni ifaçının “Sirun jan” mahnısının bir sıra Youtube səhifələrində silinməsinə nail olunub.