15 iyul 2024 23:39
388

ABŞ-Ermənistan təlimlərinin pərdəarxası: Vaşinqton İrəvanı yeni hərbi kampaniyaya həvəsləndirir

Ermənistan hazırda  özünü dünyaya sülhpərvər ölkə kimi göstərmək naminə min oyundan çıxır. Belə ki, təcavüzkar ölkə indi də utanıb-qızarmadan “EAGLE PARTNER 2024” adlı hərbi təlim keçirir. Ermənistan Müdafiə Nazirliyinin yay­dığı məlumata görə, iyulun 15-dən 24-dək  davam edəcək həmin təlimlərdə işğalçı ölkənin silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Av­ropa və Afrikadakı quru qüvvələrinin və Kanzas milli qvardiyasının hərbçiləri iştirak edirlər. Sən demə, Xocalıda, eləcə də digər məkanlarımızda soyqırımlarını törətmiş, Azərbaycan ərazisinin 20 faizini otuz il ərzində viranəyə çevirmiş, minlərə insanı yurd-yuvasından didərgin salmış Ermənistan sülh­məramlı missiyanı yerinə yetirə bilərmiş...

Ermənistanın müdafiə naziri Suren Papikyan utanıb-qızarmadan  sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

ABŞ belə təlimlərlə Ermənistanı militarizasiyaya, yeni hərbi kampaniyaya həvəsləndirir

Şübhəsiz, bu, olduqca absurddur.  Belə bir don geyindirilmiş bu təlimlərin Azərbaycanın yeni reallıqlar yaratdığı Cənubi Qafqazda sabitliyi pozmağa hesablanması danılmazdır. Bu təlimlərdə ABŞ-ın Ermənistanla bir sırada olması isə utandırıcıdır. Digər tərəfdən, iki ölkə arasında sülhdən dəm vuran bu ölkə belə addımlar atmaqla nə demək istəyir?  Axı? ABŞ bilmirmi ki, o, belə təlimlərlə Ermənistanı militarizasiyaya, yeni hərbi kampaniyaya həvəsləndirir, üstəlik revanşistlərə meydan verir? Bu isə o deməkdir ki, ABŞ da Ermənistanı silahlandırmaqda davam edən Fransa kimi regionda gərginlik yaratmaqda, revanşist qüvvələr arasında müharibə əhavli-ruhiyyəsinin saxlanılmasında maraqlıdır. Bəli, ABŞ bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən də İrəvanla hərbi təlimlərə start verir. Qəribə, həm də düşündürücü gedişlərdir, deyilmi?

NATO artıq İranın sərhədlərinə yerləşir, Tehran susur...

Özü də bu, ABŞ-ın  Ermənistanla keçirdiyi ilk təlim deyil. Belə ki, ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi, bu, isə artıq ikincidir. Şübhəsiz ki, məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Amma nədənsə Cənubi Qafqazın bəzi ölkələri okeanın o üzündəki dövlətin bu fəallığına göz yummaqda davam edir. Doğrudur, hazırda başı Ukraynaya qarışan Rusiya bununla bağlı arada bəyanatlar verir, amma rəsmi Tehran ümumiyyətlə, səsini çıxartmır. Halbuki, NATO artıq onun sərhədlərinə yerləşir.

Bu yerdə bir məqamı da vurğulayaq. Ermənistan 44 günlük müharibə və ötən ilin sentyabrında  keçirilən loka antiterror tədbiri ilə Azərbaycan tərəfindən tam məğlubiyyətə uğradılıb. Hər kəsə  bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə imkanı var, nə də canlı qüvvəsi var. Bəs, bu hərbi təlimlər nəyə xidmət edir? Şübhəsiz,  ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa, həm də Cənubi Qafqazda sabitliyi pozmağa. Bütün bunlara nail olmaq üçün isə xəyanətləri ilə tarixə adını yazdırmış Ermənistandan alət kimi istfadə olunur. Yeri gəlmişkən qeyd edək ki, bu dəfə ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçirməsi, Ermənistan ordusuna təlimatçılar göndərməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Rusiya xarici işlər nazirinin müavininin “baş verənlər Ermənistana baha başa gələcək” açıqlaması xəbər verir ki, Rusiya Ermənistanı cəzaladıracaq.

Regionu gərginliyə, müharibəyə sürükləyirlər

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Ermənistanın Qərbə yaxınlaşması, NATO ilə əməkdaşlığı ABŞ ilə hərbi əlaqələri Moskvanın Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb olacaq. Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki ikibaşlı siyasət yeritmək  bütövlükdə regionu gərginliyə, müharibəyə sürükləyir.

Şübhəsiz, Nikol Paşinyanın Aİ missiyasını ölkəsinə dəvət etməsi, NATO-ya meyllənməsi, ABŞ-la birgə təlimlərə üstünlük verməsi Rusiyaya qarşı ikinci  cəbhənin açılması deməkdir. Bu, Ermənistana yaxşı heç nə vəd etmir. Odur ki, haylar xəyanətdən, düşmənçilik məqsədlərindən çəkinməlidirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki,  son günlər ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır.

Qvami Məhəbbətoğlu, “İki sahil”