16 iyul 2024 11:30
750

Gənc yazar Gövhər Məmmədovanın ilk kitabı işıq üzü görüb

“Uğur böcəyi” adlı kitabda müəllifin hekayə və şeirləri, həmçinin tərcümələri yer alıb

Kitabdakı hekayə və şeirlərdə gənc yazarın həyat çətinlikləri ilə qarşılaşmasından, ölümə qalib gəlməsindən, yenilmədən mübarizə aparmasından, düşəndə yenidən ayağa qalxmaq bacarığından söhbət açılır. Əsərlərin hər birində sonsuz sevgi, övlad və ana məhəbbəti, humanistlik və insan dünyasının mənəvi zənginliyi ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib. Müəllifin oxucuya çatdırmaq istədiyi ideya odur ki, həyatın mənası mübarizə aparmaqdadır. Bu, hər bir insanın öz əlindədir. Əgər insan zəhmətə qatlaşaraq, çətin şərtlərdə belə çalışarsa, bu, onun arzularını gerçəkləşdirməyə mane ola bilməz. Oxumaq, yazıb-yaratmaq, mütaliə etmək, həyatdakı arzularına çatmaq yaşamağın ən gözəl vasitələridir. Müəllifin qələmə aldığı fikirlər oxucunun təxəllüyünə, iradə və hissiyatına, mənəvi varlığına təsir edir, onu müqəddəs amala, gözəlliyə, həqiqəti dərk etməyə səsləyir.

Qeyd edək ki, Gövhər Fazil qızı Məmmədova 6 may 1988-ci ildə Neftçala rayonunda anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və Psixologiya” fakültəsini bitirib. 2013-cü ildən Neftçala rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2015-2019-cu illər ərzində YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədr müavini kimi ictimai-siyasi fəaliyyət göstərib. 2015-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Regional idarəetmə” ixtisası üzrə magistr təhsili alıb. 2018-ci ildən Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq” komissiyasının katibi vəzifəsində çalışmaqdadır.

“Uğur böcəyi” kitabı gənc müəllifin oxucularla ilk görüşüdür. Kitabda “Ön söz”ün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin və AJB-nin üzvü, “Qızıl qələm” media mükafatçısı Qürbət Mirzəzadə də Gövhər xanımın yaradıcılığı haqqında geniş təhlil vermişdir. Kitabda, həmçinin gənc müəllif haqqında onu tanıyanların fikirlərinin də oxucular üçün maraqlı olacağı şübhəsizdir.

Sevinc Azadi, “İki sahil”