19 iyul 2024 12:30
762

SOCAR-ın "Eko park"ına media nümayəndələri ilə görüş təşkil olunub FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə media nümayəndələri üçün SOCAR-ın "Eko park"ında media-tur və SOCAR-ın yaşıl enerji gündəliyi barədə məlumatlandırma sessiyası təşkil olunub.

“Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə əvvəlcə media nümayəndələri "Eko park"ın ərazisi ilə tanış olub, burada görülən işlər barədə məlumatlandırılıblar. 

Sonra SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi Orxan Hüseynov media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara əzmkar fəaliyyətlərində uğurlar diləyib. SOCAR-ın fəaliyyətində media ilə səmərəli əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran mətbuat katibi bu kimi tədbirlərin media ilə əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Orxan Hüseynov, həmçinin şirkətin fəaliyyət istiqamətləri, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri, o cümlədən neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Ətraf mühitinin mühafizəsi və ekoloji məsələlərin daim SOCAR tərəfindən diqqətdə saxlanıldığını vurğulayan Orxan Hüseynov bu xüsusda Bakı buxtasının təmizlənməsi və abadlaşdırılması istiqamətində şirkət tərəfindən görülən işlərin tam yekunlaşdırıldığını diqqətə çatdırıb.

SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı görüşdə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Mustafa Qurbanlı çıxışında SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklərdən, bu istiqamətdə həyata keçirilən tədbirlər və layihələrdən bəhs edərək enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyi vurğulayıb.

SOCAR-ın elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya məqsədləri barədə məlumat verən Mustafa Qurbanlı 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.

Departament rəisi, həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrinin genişləndirilməsi strategiyasına  uyğun olaraq SOCAR tərəfindən tərəfdaş şirkətlərlə birgə bir sıra layihələr üzrə işlərin uğurla davam etdirildiyini bildirib. “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş direktorunun köməkçisi - layihə rəhbəri Sabutay Əliyev tullantıların idarə olunması, rekultivasiya prosesi, davamlı əsasda keçirilən iməcilik, abadlaşdırma və ağacəkmə aksiyaları barədə ətraflı məlumat verib.

"Neftqaztikinti" trestinin müdiri Qağaməli Seyfullayev Bakı buxtası və sahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsilə batmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantıların müəyyənləşdirilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrə görülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilən layihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb

Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.