21 iyul 2024 15:34
262

Qabar dağındakı neft yatağında qazma qurğusu aşıb

Türkiyənin Şırnak şəhərindəki Qabar dağında Şəhid Aybüke Yalçın 27 saylı neft yatağında neft qazma qurğusu aşıb.

“İki sahil” xəbər verir ki, hadisə zamanı qurğunun altında qalan 3 yaralıdan 2-si xilas edilib, digər işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

AFAD, xilasetmə və jandarma qrupları, TPIC və TPAO ekspert qrupları, eləcə də Səhiyyə Nazirliyi tərəfindən 5 təcili tibbi yardım maşını, 1 UMKE komandası və ümumilikdə 20 tibb işçisi hadisə yerinə cəlb ediliblər.

Yaralı işçilərdən biri vertolyotla, digər işçi isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Dağıntılar altında qalan digər işçinin xilas edilməsi üçün işlər davam etdirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”