21 iyul 2024 22:24
426

Bayden namizədliyini geri götürüb

ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Bayden prezidentlik müddətinin qalan hissəsində diqqətini prezident kimi vəzifələrini yerinə yetirməyə yönəldəcəyini bildirib.

Prezident olduğu son 3,5 ildə Amerikada böyük irəliləyiş əldə edildiyini bildirən Bayden əlavə edib: "Biz demokratiyamızı mühafizə etdik və qoruduq".

Amerika Birləşmiş Ştatlarının prezidenti kimi xidmət etmənin onun üçün ən böyük qürur olduğunu qeyd edən Bayden, “Yenidən namizəd olmaq niyyətində idim, amma partiyam və ölkəm naminə geri çəkilməyin ən yaxşısı olduğuna qərar verdim. Qalan vaxtda diqqətimi yalnız prezidentlik vəzifələrimə yönəldəcəm”, - deyib.

Qərarı ilə bağlı yaxın günlərdə ictimaiyyətə müraciət edəcəyini bildirən ABŞ prezidenti, həmçinin vitse-prezident Kamala Harrisə fövqəladə ortaqlığı üçün təşəkkür edib.

Bayden Amerika xalqına etimad və inamlarına görə təşəkkür edərək, "Amerika birləşdiyi müddətcə, əldə edə bilməyəcəyi heç bir şey yoxdur" dedi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”