22 sentyabr 2025 17:59
99

Qlobal istiləşməni 1,5 °C hüdudunda saxlamaq hədəfi təhlükə altındadır

BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, qlobal istiləşməni sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 °C səviyyəsində saxlamaq hədəfi iflasa uğramaq təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, əgər ölkələr emissiyaların azaldılması istiqamətində əlavə tədbirlər görməsələr, vəziyyət “kollapsa” yaxınlaşır.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, BMT Baş Assambleyasının növbəti sessiyası və “İqlim həftəsi” ərəfəsində çıxış edən Quterreş vurğulayıb ki, mövcud milli planlar istixana qazlarının azaldılması üçün yetərli deyil. O qeyd edib ki, bu sənədlərin bir çoxu bütün iqtisadiyyat sahələrini əhatə etmir və emissiyaların tam azaldılmasını nəzərdə tutmur.

“Əgər qarşıdakı illərdə emissiyaları azaltmasaq, qlobal istiləşməni 1,5 °C-də saxlamaq şansı itiriləcək”, – deyə Baş katib bildirib.

Hökumətlərarası iqlim dəyişikliyi üzrə ekspertlər qrupunun proqnozlarına görə, Yer kürəsində temperaturun 2030–2035-ci illər arasında bu həddə çatması ehtimalı təxminən 50 faiz təşkil edir. Alimlər bildirirlər ki, bu göstəricinin cüzi də olsa aşılması ekstremal hava hadisələrinin, istilik dalğalarının, bioloji müxtəlifliyin itirilməsi və ekosistemlərin deqradasiyası risklərini artıracaq.

BMT ən iri iqtisadiyyatları olan Çinə, Avropa İttifaqına daxil olan ölkələrə və digərlərinə iqlim strategiyalarını təcili yeniləmək çağırışı edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 30-cu sessiyası (COP30) qəbul olunmuş öhdəliklərin icrasına dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas mərhələ olacaq. Gözlənilir ki, bu tədbir dünya ictimaiyyətinin diqqətini qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə yönəldəcək.