24 iyul 2024 20:18
726

"İrəvanda yanan çıraq" - FOTOLAR

Mistik tarixi dram Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini tamaşaçıya çatdırır

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “İrəvanda yanan çıraq” birhissəli mistik tarixi dramını tamaşaçılara təqdim edib.

Əsərdə Qərbi Azərbaycanlıların tarixi məskənləri olan qədim yurd yerimiz Ermənistan adlandırılan dövlətin ərazisində daima milli mübarizə mücadiləsi aparmaq məcburiyyətində qalmış soydaşlarımızın tutduqları prinsipial mövqe əks olunur. Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.

Sovet epoxasının sonuna yaxın İrəvanda yaşayıb-yaradan (müəllifin prototipi kimi qavranılan) azərbaycanlı yazıçı Sultan Oğuzun bu mövzuda yazdığı “İrəvanda yanan çıraq” tarixi əsəri xalqımızın Qərbi Azərbaycanda milli varlığına qənim kəsilmiş erməni millətçilərini o dərəcədə hiddətləndirir ki, ona şirnikləndirici tələ qururlar. Düşmənlər Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqlarına görə həqiqəti tarixi romanda canlandıran yazıçını öz xalqının gözündən salıb sıradan çıxarmaq üçün hiyləyə əl atır, əsəri keçmiş ittifaq dövlətinin ən yüksək mükafatına təqdim edirlər. Mübariz sənətkar düşmənlərin niyyətinin qarşısını kəsmək, tarixi həqiqəti xilas etmək üçün bu plana qarşı çıxır, mükafat almaqdan imtina edir.

Tamaşa boyu Şah İsmayılın ruhu dəfələrlə peyda olub xalqımızı düşmənlərin xəyanətlərinə qarşı ayıq-sayıq və döyüşkən olmağa səsləyir. Milli varlığımıza açıq-gizli təcavüzlərdə erməni qadınlarının şeytani rolu tamaşada incə ştrixlərlə əksini tapıb. Əsərin sonunda İrəvanda söndürülmüş çırağımızın Bakı səhnəsində təntənə ilə şölə saçması Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətinin timsalı kimi canlanır. Səhnə əsəri milli-strateji düşüncəmizi, İrəvan həqiqətləri uğrunda, Vətən sevgisi yolunda apardığımız mübarizələrin əzmini, əzəli torpaqlarımıza - Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini tamaşaçıya çatdırır.

Tarixi prosesin kəsilməzliyi, türk soyuna qarşı erməni düşmənçiliyin zaman-zaman təkrarlanmasının səhnə təcəssümü olan bu mistik-psixoloji pyesə müasir dramaturji üsullarlarla – fasiləsiz hərəkət, mürəkkəb xoreqrafik müşayiət, dünənlə bugünün iç-içə təqdimatı səpkisində verilən quruluş erməni xislətinin dərindən, əhatəli açılmasına xidmət edir.

Modern üslubda dinamik ritmdə - musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissor assistenti İmaməli İmaməliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev (Sultan Oğuz), Zəki Fətəliyev(Şah İsmayıl Xətai), Müdvər Nemətova (Firəngiz), Əmrulla Nurullayev (Hayqaz; Himayədar) Niyaməddin Səfərəliyev (Usub kişi), Elnarə Heydərova (Qərinə), Samir Əliyev (Emil), Naibə Nemətova (Nairə), Güney Əliyeva (Süsən), Xədicə Məmmədova(Səltənət), Pərvin Dadaşova (I qara üzlü), Sevinc Bəxtiyar (II qara üzlü), Rövşən Cəfərov(Suren), Ramil Məmmədov (Aşot) çıxış ediblər. 

Tamaşa yüksək anşlaqla keçib.