25 iyul 2024 11:58
475

Dəyişməyən ünvan

Şair-yazıçı, tərcüməçi Kənan Hacının görkəmli rejissorumuz, Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr etdiyi şeiri təqdim edirik:


Hələ uşaq ikən pyes yazırdı,

Taleyin əliydi, belə yazırdı.

Mərahim özünə tale yazırdı,

Səhnə sənətinin meydanı oldu.


“Poladəridənlər” çıxdı səhnəyə,

Hər kəs heyran qaldı bu möcüzəyə.

Qoy “Bütün Şərq bilsin” gəldi ərsəyə,

Qəlbi arzuların ümmanı oldu.


Tarix danışırdı böyük səhnədən,

Doktor Nəriman da sanki yenidən

Xalqıyla görüşə gəlmişdi bu dəm,

O, xalqın sevimli insanı oldu.


Biz “Atabəylər”in varisləriyik,

Zaman var olduqca daim diriyik.

“Xan qızı Natavan” pərvanəsiyik,

Bu hökm dəyişməz mizanı oldu.


Sünbüllər hay çəkdi bütün dünyaya,

Qulaq asın, - dedi, - siz Tolqonaya.

Son qoyaq əbədi, qana-qadaya,

Bütün yaraların loğmanı oldu.


Hələ uşaq ikən dərk elədi ki,

Bir böyük səhnədi bu yer kürəsi.

İçində qaynadı eşqi, həvəsi,

Teatr əbədi ünvanı oldu.

6-7 iyun, 2024