26 iyul 2024 00:50
332

Yaşıl Enerji İslahatları: Ətraf mühitin qorunması prioritetdir

Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Həmçinin ölkə miqyasında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda böyük layihələr həyata keçiriləcək. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsi nəzərdə tutulub.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Görülən işər həm də iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

Təkcə 2024-cü ilin birinci yarısında Azərbaycanda yaşıl enerji istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq rekord səviyyəyə çatıb. Ötən ilin eyni dövründə bərpa olunan enerji istehsalı 1 milyon kVt·st təşkil edirdisə, artıq bu rəqəm 2 milyon kVt·st-dan çox olub. Xüsusilə günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 milyon kVt·st-dan 286,6 milyon kVt·st-a yüksəlib. Hidroelektrik stansiyalarının istehsalı 1581,1 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun isə 135 milyon kVt·st təşkil edib. Bu artım, ümumilikdə yaşıl enerji mənbələrindən əldə olunan elektrik istehsalının ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon kVt·st artdığını göstərir.

Cari ilin birinci yarısında ölkə üzrə elektrik enerjisinin ümumi istehsalı 13,5 milyon kVt·st-a çatıb və bunun 15,5 faizi yaşıl enerji mənbələrindən təmin edilib. Bu rəqəm, bir il ərzində bərpa olunan enerjinin payının 8 faiz artdığını göstərir. Azərbaycanın bərpa olunan enerji potensialı 27,000 MVt olaraq qiymətləndirilir, bunun 23,000 MVt-ı günəş, 3,000 MVt-ı isə külək enerjisinə aid edilir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji gücünü 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Xüsusilə hidroenerji gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata yüksəlib. Eyni dövr ərzində külək enerjisi gücü 3 meqavatdan 67 meqavata, günəş enerjisi isə 2 meqavatdan 282 meqavata çatıb. Su elektrik stansiyalarının payı isə 15,2 faizdən 20,3 faizə yüksəlib.

Azərbaycanın yaşıl enerji potensialını reallaşdırmaq üçün son iki ildə "Masdar", "ACWA Power", "BP", "Fortescue Future Industries", "China Gezhouba Group", "Total Energies", "Nobel Energy", "Czech Engineering", "Baltech" və digər xarici şirkətlərlə yaşıl enerji istehsalına dair əməkdaşlıq sazişləri imzalanıb. Bu sazişlərin icrası çərçivəsində inşa olunan bərpa olunan enerjinin illik istehsalı yaxın iki ildə 2 QVt-a, beş-altı il ərzində isə 4-5 QVt-a çatacaq.

Əldə edilən yaşıl enerjinin böyük bir hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldildikdən sonra qalan hissə xaricə ixrac ediləcək. Bu məqsədlə hazırda "Xəzər-Qara dəniz-Avropa" yaşıl dəhlizi yaradılır.

Yaxın günlərdə Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda yaşıl enerji siyasəti haqda danışarkən bildirib ki, son illərdə Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. “Biz ən böyük Günəş Elektrik Stansiyasını- 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik... Bununla yanaşı, ötən ay Bakıda biz 3 Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm 1 qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”.

Dövlət başçısı Azərbaycan enerjisinin ixrac potensialına da toxunub: “Mən bilirəm ki, Avropa şirkətləri bərpaolunan enerjiyə nə qədər yatırım edirlər. Mən bunu təqdir edirəm. Ancaq beynəlxalq ekspertlərin hesabatına görə, nə qədər etsələr də, bu, dünyanın və Avropanın ehtiyacını tam ödəyə bilməyəcək və ona görə də biz həmin kabel üzərində işləyirik”.

Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Burada potensial 4 qiqavatdır. Lakin dövlətimizin başçısı qeyd edib ki, layihə təkcə bu deyil: “Biz Özbəkistan və Qazaxıstanla bir neçə ay bundan əvvəl Xəzər dənizinin dibi ilə gedəcək elektrik kabeli haqqında saziş imzalamışıq və bunun texniki əsaslandırılması olacaq. Onların da bu sahədə təcrübəsi var. Bizim planlarımız istədiyimiz kimi həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni, bu layihə Cənub Qaz Dəhlizindən də daha böyük layihə olacaq”.

Enerji sektorunun diversifikasiyası ilə bağlı hökumətin elan etdiyi əsas məqsədlərdən biri Azərbaycanda enerji tələbatının ümumi həcmində alternativ enerjinin səviyyəsini sürətlə yüksəltməkdir. Böyük resurslarımız var, amma bu sahənin sürətli inkişafı üçün yeni texnologiyalara, mütəxəssislərə, böyük investisiyalara ehtiyac var.

Ona görə də, bu istiqamətdə görülən işlər daha da sürətləndirilməli, bu sahə iqtisadiyyatın diversifikasıyası kontekstindən nəzərdən keçirilməli, neft sektoruna alternativ sahələrdən biri kimi inkişlaf etdirilməlidir.

Ümumiyyətlə, bərpaolunan enerji gələcəyin qarantıdır. Bu istiqamətdə işləri sürətləndirmək bugünümüzün əsas çağırışıdır.

Nigar Orucova, “İki sahil”