26 iyul 2024 19:48
348

Qərbi Azərbaycan: Sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıdış

Xalqımız müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır. XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 ilə yaxın işğal altında saxlamışdır.

Bir çox tarixçi və tədqiqatçılar ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətininin əsasən üç mərhələsini qeyd edirlər. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905–1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovet hökuməti tərəfindən 1948–1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində diktator İosif Stalinin göstərişi ilə 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb.

Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indi Ermənistan adlanan tarixi torpaqlarımızda soyqırımına məruz qalmışdır. Bununla yanaşı, XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi ərazidə olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmişdir. İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas almış və 1991-ci ildə müstəqil Ermənistan Respublikası yaradıldıqdan sonra əsasən başa çatmışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır.  Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir.

Əlbəttə Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil. Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyasəti daha böyük uğurları bizlərə yaşadacaqdır.

Yaxın günlərdə "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarının Qərbi Azərbaycana qayıdışla bağlı sualını cavablandırdı. "Biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik", - deyən dövlətimizin başçısı bildirib ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir: "Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər. Düşünürəm ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsaydı, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur".

Cənab İlham Əliyev “Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək” söyləyərək bildirdi ki, burada biz, əlbəttə, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik.

Göründüyü kimi, bütün hədəf və məqsədimiz aydındır. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq.

Nigar Orucova, “İki sahil”