Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, bu niyyətlə təcavüzkar ölkəni, yəni Ermənistanı öldürücü silahlarla silahlandırmaqda davam edən Makron Fransası özünü hələ də “demokratiyanın beşiyi” kimi özünü dünyaya tanıtmağa çalışır. Amma hadisələr göstərir ki, Yelisey sarayı bütün siyasi hikkəsi ilə millətlərarası ədavət toxumu səpir, iğtişaşlar yaradır. Hətta bu ölkə iyul ayının 26-da rəsmi açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında da bu taktikasına sadiq qaldığını bir daha sübut etdi. Belə ki, Olimpiya oyunlarının açılışını göstərən Fransanın “France 2” telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı təxribatçı ifadələr səsləndirilib.
Hətta bu kanalın aparıcısı Loran Delaus Sena çayı boyunca bərələrlə üzən komandaların paradı zamanı Ermənistan komandasını təqdim edərkən deyib: “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Keçən il erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…” Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib. Bununla da Makron Fransası Cənubi Qafqazla bağlı ideyalarını alt-üst edən, onun müstəmləkiçilik siyasətinin mahiyyətini dünyaya açıb-göstərən Azərbaycana olan nifrətini, Ermənistana olan “məhəbbət”ini bir daha nümayiş etdirib. Halbuki, belə idman tədbirləri insanları, millətləri və dövlətləri bir-birinə tanıdan, yaxınlaşdıran ən yaxşı vasitə hesab olunur.
Nə qədər qəribə olsa da, hələ ki dünyanın heç bir ölkəsi, həmçinin beynəlxalq qurumları buna reaksiya verməyiblər. Halbuki Almaniyada futbol üzrə Avropa çempionatında Türkiyə millisi ilə Avstriya yığma komandası arasında keçirilən görüşdə "bozqurd" işarəsi göstərdiyi üçün türkiyəli idmançı Merih Demiral haqsız yerə cəzalandı. Bu isə Türkiyə millisinin növbəti görüşlərdəki oyununa mənfi təsir göstərdi. Halbuki Şübhəsiz, bu, hələ də dünyada hökm sürən ikili standarların nəticəsidir.
Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys bildirib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən “France 2” telekanalına sanksiya tətbiq edilməlidir. O, həmçinin bildirib ki, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: “Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”. Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Fransanın "France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət etmək niyyətindədir. Bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Bir məsələni də vurğulayaq ki, ümumiyyətlə Paris Olimpiadasının açılış mərasimi bir neçə kazus vəziyyətlə yadda qalıb; Eyfel qülləsinin yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə asılıb, stadionun diktorları KXDR nümayəndələrini Cənubi Koreyadan olan idmançılar kimi elan ediblər. Odur ki, elə bu və digər səbəblərdən Paris Olimpiadasının açılış mərasimi dünyanının tanınmışları tərəfindən tənqidlər tuş gəlib. ediblər. Məsələn, İtaliyanın Baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini hesab edir ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi lazımi səviyyədə təşkil olunmayıb. O, bu barədə “X” sosial şəbəkəsində yazıb:"Dəhşətli başlanğıc, əziz fransızlar. Yazıq".
Qvami Məhəbbətoğlu, “İki sahil”