05 avqust 2024 10:01
580

Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, hadisə zamanı “TOYOTA CAMRY” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***

Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.

İdarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.

Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.

“Report”