İtaliyanın Kassine şəhərində “Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” mövzusunda beynəlxalq seminar keçirilib. “SEN1SEN” beyin mərkəzi və “Palazzo Mandrilli” Qalereyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının rəhbər şəxsləri, Avropanın aparıcı alimləri, beynəlxalq ekspertlər, muzey direktorları, arxeoloqlar və qayaüstü sənət irsinin öyrənilməsi, qorunması və idarə olunması sahəsində ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbirin məqsədi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qayaüstü sənət irsinin beynəlxalq səviyyədə təbliği, bu irsin aktual problemlərlə əlaqəsi, bu sahədə elmi əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini təklif etdiyi Gəmiqaya qayaüstü təsvirlər kompleksinin ayrı-ayrı ölkələrin beynəlxalq elmi və praktiki auditoriyaya çatdırılması olub.
Beynəlxalq seminarda xüsusi qonaq qismində Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli “Qayaüstü sənət – Azərbaycanın qədim kənd təsərrüfatı irsinə açılan pəncərə” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında qayaüstü sənətin yalnız qədim dövrlərdən günümüzə gəlib çatmış bədii irs nümunəsi olmadığını, eyni zamanda minilliklər əvvəl yaşamış insanların dünyagörüşü, gündəlik həyatı, təbiətlə münasibətləri və təsərrüfat fəaliyyəti haqqında mühüm məlumatlar verən tarixi mənbə olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın Qobustan və Gəmiqaya qayaüstü təsvirləri qədim insanların təbiətlə, cəmiyyətlə və canlı aləmlə qarşılıqlı münasibətlərinə dair mühüm məlumatlar təqdim edir. Qayaüstü təsvirlərdə əkinçilik, heyvandarlıq, ovçuluq, insanın təbiətlə qarşılıqlı əlaqəsini əks etdirən nümunələr həmin dövrün sosial-iqtisadi həyatı, istehsal sistemi və ərzaq təminatı barədə qiymətli vizual mənbə kimi çıxış edir.
Vurğulanıb ki, qayaüstü sənət Azərbaycan ərazisində qədim əkinçilik və heyvandarlıq irsinin təsdiqi kimi də qiymətləndirilə bilər. Bu təsvirlər qədim icmaların torpaqdan, sudan və digər təbii resurslardan necə istifadə etdiklərini, ərzaq istehsalını və heyvandarlığı necə təşkil etdiklərini öyrənmək üçün mühüm mənbədir.
Çıxışda kənd təsərrüfatı və heyvandarlığın insan sivilizasiyasının inkişafında fundamental rol oynadığı qeyd edilib. Diqqətə çatdırılıb ki, torpaq və su resurslarından istifadə, heyvanların əhliləşdirilməsi, toxumçuluğun və ərzaq istehsalının inkişafı insanların məskunlaşmasına, yaşayış məskənlərinin formalaşmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, eləcə də iqtisadi və sosial münasibətlərin inkişafına mühüm təsir göstərib. Azad Cəfərli bildirib ki, qayaüstü sənət bu uzunmüddətli tarixi prosesin müxtəlif mərhələlərinin özünəməxsus vizual yaddaşı kimi çıxış edir.
Tədbirdə İtaliya, Fransa, Portuqaliya, İspaniya kimi ölkələrdən olan məruzəçilər qayaüstü rəsimlərlə bağlı geniş təqdimatlarla çıxış edib və “SEN1SEN” beyin mərkəzi və “Palazzo Mandrilli” Qalereyasının iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Daha sonra tədbir “Minilliklər boyunca mesajlar: Qobustan petroqlifləri” adlı sərgi və elmi praktiki müzakirələrlə davam edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi, professor Məlahət Fərəcovanın rəhbərliyi ilə hazırlanmış “Minilliklər boyunca mesajlar: Qobustan petroqlifləri” adlı Sərgidə Qobustanın qədim qayaüstü təsvirləri, onların tarixi və mədəni əhəmiyyəti, eləcə də Azərbaycanın zəngin qayaüstü sənət irsi beynəlxalq auditoriyaya təqdim edilib. Sərginin nümayişi Azərbaycanın qayaüstü sənət irsinin müasir rəqəmsal imkanlardan istifadə etməklə daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olub.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir