06 avqust 2024 22:50
340

Vətən igid oğlanları ilə tanınır...

 Birinci Qarabağ müharibəsinin şəhidi   Məmməd Mirzəbala oğlu Fərzullayev Lənkəran rayonu, Mamusta kəndindəndir. Doğma Vətəni yağı təcavüzünə məruz qalanda sona nəfəsinə qədər döyüşərək 18 yaşında əbədiyyət dünyasına qovuşub. Onun qısa ömür yolu qəhrəmanlıq salnaməsinə dönərək xalqın qəlbində yaşayır. Bu  günlərdə  isə  mamustalılar öz qəhrəman oğlunun 50 yaşını qeyd ediblər. Belə ki, F. Hüseynov adına Mamusta  kənd Mədəniyyət evinin təşkilatçılığı sayəsində baş tutan tədbirə  şəhidin ailə üzvləri, silahdaşları, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

El-obanın qürur yeri, iftixar mənbəyi olan şəhid  Məmməd Fərzullayevin şərəfli həyat yolundan və döyüşlər zamanı göstərdiyi  şücaətindən danışanlar bildiriblər  ki,  günəş ömrü yaşayan  Məmməd kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Moskvaya gedib, burada  texniki-peşə məktəbində elektrik qaynaqçısı sənətinə yiyələnib. Azərbaycanda baş verən məlum hadisələrdən narahat olan  Məmməd təhsilini yarımçıq qoyaraq Vətənə geri dönüb.  1992-ci ilin sentyabr ayında Şirvan şəhərində həqiqi hərbi xidmətə başlayıb.

Ürəyi Vətən sevdalı  Məmmədin ilk döyüş yolu Ağdərədən  keçib. Burada göstərdiyi cəsarəti, qorxmazlığı taqımda hamıya nümunə olub. Sonra könüllü kəşfiyyatçılar bölüyünə qoşulub. Növbəti dəfə kəşfiyyatdan qayıdarkən Məmməd və döyüşçü dostları mühasirəyə düşüblər. Məmməd döyüşdə  ağır yaralanıb, çoxlu qan itirdiyinə görə cəsur əsgər qəhrəmancasına həlak olub. Onun cənazəsi doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Atası Mirzəbala kişi oğul dərdinə dözməyərək ilinə bir neçə gün qalmış vəfat edib. Məmməd Fərzullayev Mamusta kəndinin ilk şəhididir. Təhsil aldığı Mamusta kənd tam orta məktəbi onun adı verilib.

Tədbir iştirakçıları sonda  şəhid Məmmədin  doğma kəndində uyuduğu müqəddəs torpağı ziyarət edib, məzarına gül dəstələri düzməklə bir daha ona olan sonsuz ehtiramlarını göstəriblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü