17 avqust 2024 14:53
426

Xəzər Media Forumunda “Xarıbülbül” festivalından bəhs edilib

Azərbaycanın Rus İcması sədrinin birinci müavini, teleaparıcı Anastasiya Lavrina Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzər Media Forumu çərçivəsində “Mədəniyyətlərin dialoqu və dialoq mədəniyyəti” sessiyasında çıxış edib.

“İki sahil” xəbər verir ki, Lavrinanın çıxışının mövzusu hər il Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı olub.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı dostluq və musiqi bayramıdır. Burada səslənən musiqinin səsi xalqımızın adət-ənənələri ilə iç-içə olan zəngin tarixin əks-sədasıdır. Bu festival müasir dövrdə çox zəruri olan mədəniyyətlər arasında dialoqun inkişafında mühüm amilə çevrilib”, - deyə Rus İcması sədrinin birinci müavini bildirib.

O, Xəzər Media Forumunun iştirakçılarına festivalın hələ 1990-cı ildə beynəlxalq status aldığı, amma Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən təxminən 30 il ərzində keçirilmədiyi barədə məlumat verib.

Lavrina vurğulayıb: “44 günlük Vətən müharibəsinin sonunda - noyabrın 8-də şəhərin işğaldan azad edilməsindən sonra Azərbaycan rəhbərliyi festivalın bərpası ilə bağlı mühüm qərar qəbul edib, çünki bu, mədəni mübadilə və mədəni irsin qorunması ilə bağlı aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır. Festival dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi dostluq və musiqi bayramıdır”.

Azərbaycanın Rus İcması sədrinin birinci müavini çıxışının sonunda qeyd edib ki, Şuşa şəhərinin rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” festivalı həm də regionda bir növ sülh və sabitlik rəmzinə çevrilib, Qarabağı isə cəsarətlə mədəniyyətlərin və xalqların yaxınlaşdığı torpaq hesab etmək olar.

Avqustun 16-17-də Həştərxanda “Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsasıdır” mövzusunda IX Xəzər Media Forumu keçirilir. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Moldova və Özbəkistandan olan qonaqlar da daxil olmaqla 750-dən çox nümayəndə iştirak edir.