25 avqust 2024 15:58
1033

Bu da Ukraynanın “sağ ol”u

Ukrayna mediasında Azərbaycanın müstəqil xarici siyasətinə qarşı çirkin kampaniyanı rəsmi Kiyev hakimiyyəti təşkil edib?

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Ukraynaya qarşılıqlı dəstək və həmrəylik də nümayiş etdirir.  Hətta Rusiya ilə müharibə şəratində belə Azərbaycan Ukrayna xalqına  lazımi  yardım göstərmək üçün hər cür səy göstərməkdəkdədir. Üstəlik, rəsmi Bakı bu ölkəyə tonlarla humanitar yardım, o cümlədən dərmanlar, yanacaq və elektrik generatorları göndərir, döyüş bölgəsindən ukraynalı uşaqları qəbul edir. 

Yeri gəlmişkən qeyd edək ki, Kiyev vilayətinin İrpen şəhəri Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ən çox ziyan dəymiş yaşayış məntəqələrindən biri olub. Şəhər uğrunda ağır döyüşlər zamanı İrpenin 70 faizdən çox hissəsində yaşayış binası, tibb müəssisəsi, məktəb və sosial infrastrukturuna ciddi ziyan dəyib. İrpenin bərpasında və yenidən qurulmasında Azərbaycan öndə gedən ölkələrdən biri olub. Halbuki Azərbaycanın əsla belə bir öhdəliyi yoxdur. Amma Azərbaycan 30 il torpaqlarının işğal altında olduğu zaman heç bir ölkədən, o cümlədən Ukraynadan hansısa əməli dəstək görməyib. Hətta o illərdə Ukrayna təcavüzkar Ermənistana elə isti münasibət bəsləyib ki… Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sakisyanın Ukraynaya səfərində bu, özünü açıq-aydın göstərmədimi? Hətta AŞPA-da Ukraynadan olan deputatlar anti-Azərbaycan qətnamələrinə səs verirdilər. Üstəlik, Ukrayna mediasının nümayəndələri Ermənistanın işğalı altında olan Qarabağa səfərlər edirdilər. Şübhəsiz, o zaman bu kimi addımlar Ukraynaya Qərb dairələrndən diktə olunurdu. Bütün bunlara görə rəsmi Bakı heç bir dövləti, həmçinin Ukraynanı ittiham etməyib. Çünki rəsmi Bakı yaxşı dərk edirdi ki, Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yoxdur.

Amma son günlər Azərbaycan-Ukrayna münasibətlərində qəribə tendensiya müşahidə olunur. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və SOCAR-ın “Qazprom”la razılaşmasından sonra Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyaya start verilib. Halbuki, SOCAR-ın “Qazprom”la razılaşmasına görə Azərbaycan şirkətinə qarşı kampaniyaya başlamaq olduqca absurddur. Çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb və buna görə pul alır. Nə qədər qəribə olsa da, belə təcrübəyə heç bir müharibədə rast gəlinməyib. Hətta Kursk ərazisindəki Sudja qazölçmə stansiyası ukraynalıların nəzarətinə keçəndən sonra da qaz nəqli davam edir. 

Bəli, onların açıqlamalarından belə anlaşılır ki, Azərbaycan Ukrayna adına Rusiyanı düşmən elan etməlidir. Axı niyə? Məgər onlar dərk etmirlərmi ki, Rusiya Ermənistanı dəstəklədiyi illərdə belə Azərbaycan bu qonşusunu düşmən kimi qəbul etməyib. Hər şeyi zamanın ixtiyarına buraxıb.. Məgər onlar anlamırlar ki, hazırda Azərbaycanın bu qonşu ölkə ilə birgə atdığı addımlar Cənubi Qafqazda əmin-amanlığa, sülhə hesablanıb? Məgər onlar dərk etmirlərmi ki, bu gün Qərb Ermənistanın əli ilə bölgədə möhkəmlənmək, bu məkanı öz müstəmləkəsinə çevirmək istəyir? Onlar unutmasınlar ki, Azərbaycan Ukrayna-Rusiya arasında sülh əldə edilməsi üçün balanslı bir tərəf kimi ümid yeridir və bu təşəbbüslə çıxış etmək niyyəti də mövcuddur. 

Digər tərəfdən, hər kəs yaxşı bilir ki, Azərbaycanın neft-qaz şirkəti SOCAR-ın törəmə şirkəti olan "SOCAR Ukraine"nin fəaliyyəti Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsinin təkmilləşdirilməsinə, habelə benzin və neft məhsullarının topdansatış ticarətinin təşkilinə yönəlib. Bu işinin öhdəsindən də günün tələbləri səviyyəsində gəlməyə çalışır. Yəni, bu gün SOCAR-ın fəaliyyəti Ukrayna üçün həyati əhəmiyyət daşıyır.  Təkcə bir faktı xatırladaq ki, Ukraynada 650-dən çox şirkəti birləşdirən "Reputation Activists" reytinq təşkilatı SOCAR-ı 2020-ci ildə "Neft məhsullarının pərakəndə satışı" kateqoriyasında Ukraynanın yanacaq sənayesində ilk üçlüyə daxil edib. Bu ilin birinci rübündə isə SOCAR Ukraynadakı “SOCAR Ukraine” törəmə şirkəti yanacaq satışından ən çox vergi ödəyən şirkət olub. Ukraynada SOCAR-ı boykot etmək istəyənlər bilməlidirlər ki, bu şirkət günü bu gün bütün aktivləri satıb Ukraynanı tərk edə bilər. Çünki oradakı bazar SOCAR üçün elə də önəmli deyil. Bir məsələni də vurğulayaq. Ümumiyyətlə, SOCAR-ın “Qazprom”la imzaladığı sazişin mətninə baxdıqda görmək olur ki, bunun Ukraynaya heç bir aidiyyəti yoxdur. Belə ki, iki şirkət arasında “Şimal-Cənub” layihəsi konstekstində sadəcə tərəfdaşlıq əksini tapıb.

Bütün bunları dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, Ukrayna mediası bu kimi addımları Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilməyən Qərbin diktəsi ilə atır. Bu məsələdə erməni diasporunun əlinin olması da istisna deyil. Onlar da kor-koranə Qərbin havasına oynayırlar. Amma nədənsə Ukrayna hakimiyyəti Azərbaycana qarşı bu iyrənc kampaniyanı çox sakit izləyir.  Halbukiş bu gun hərbi şəraitdə Ukrayna  mediası tam nəzarət altında və senzuradadır. Bu o deməkdirmi ki, bu başlanan kampaniyanı elə hakimiyyət özü təşkil edib?

Qvami Məhəbbətoğlu, “İki sahil”