13 sentyabr 2024 10:37
232

Dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn hədəflərin uğurlu icrası  ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır

Ermənistanın 30 il davam edən işğalından sonra tarixi sahibinə qovuşan torpaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması qürurvericidir. Amma bir mühüm məqamı unutmayaq ki, hər bir hədəf uğurların başlanğıcı olmaqla yanaşı, icrası böyük qətiyyət, səylərin birləşdirilməsini tələb edir. Bu isə öz növbəsində ölkənin inkişafında, gələcəyə doğru inamla addımlamasında Lider və düşünülmuş siyasət amilinin böyük rola malik olduğunu təsdiqləyir. Azərbaycan xalqı 30 illik işğal dövründə  gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama  əsas verən  dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial  mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. Bugünümüzlə müstəqilliyimizin bərpasının ilk illərini müqayisə etdikdə  Heydər Əliyev siyasətinin Azərbaycanı böyük fəlakətdən, faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdiyinin şahidi oluruq. Bir daha sübut olunur ki, müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onun qorunması ondan da çətindir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan addım-addım hədəfə doğru irəlilədi. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən belə bir  çağırışı etdi ki, təcrübə mübadiləsi  olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ilin 20 sentyabr tarixində imzalanan «Əsrin müqaviləsi» Ulu Öndər Heydər Əliyevin böyük qətiyyətinin,  səylərinin nəticəsi oldu. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq hazırda enerji və nəqliyyat mərkəzi kimi dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələrinin uğurlu sonluqla başa çatması onun dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Regional çərçivədə başlayan əməkdaşlıq coğrafiyasını daha da genişləndirərək beynəlxalq miqyas alıb. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin icrası tam tərkibdə başa çatıb. Hazırkı dövrün əsas çağırışlarından biri TAP-ın və TANAP-ın genişləndirilməsidir. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında yer alan bu reallığı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

 Qeyd etdiyimiz kimi,  boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Təbii ki, bu, Azərbaycanın uğurlu enerji siyasətinin nəticəsidir. Həmçinin ölkəmiz ayrı-ayrı dövlətlərlə  əməkdaşlığa xüsusi önəm verir və bunu real addımları ilə təsdiqləyir. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə mövcud imkanları göz qabağındadır. Ölkəmizin şaxələndirilmə siyasəti özünün uğurlu nəticələrini verir.

    Son 21 ilə yaxın dövrün reallıqlarına diqqət yetirsək görərik ki,  enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı əsas prioritetlər sırasındadır. Cənab İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaratdı. Bir daha sübut olundu ki,  ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün özünüməşğulluq proqramının uğurlu icrasından,  ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi  əsas çağırışlar sırasındadır. Hazırda işğaldan azad edilmiş ərazilərdə  həyata keçirilən bərpa-quruculuq işlərinin fonunda  əhalinin məşğulluğunun təmin edilməsinə də xüsusi diqqət göstərilir. Bu ərazilərdə  Azərbaycan brendi kimi tanınan «ASAN xidmət», ABAD, DOST mərkəzlərinin yaradılması qarşıya qoyulan əsas vəzifələr sırasındadır.  

Son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya əsas  məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi qarşıya qoyur. Hər bir bölgənin malik olduğu iqtisadi potensiala uyğun olaraq o rayonda ənənəvi kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün zəruri addımlar atılır. Onu da qeyd edək ki, cənab İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiqləyib. Ölkə Prezdientinin keçirdiyi müşavirələrdə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağın  yolları açıqlandı. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır.  Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük, şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir.

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

    Artıq tarixi Zəfərimizin reallıqları qarşıya yeni vəzifələr qoymaqla yanaşı, yeni Dövlət proqramlarının qəbulunu və icrasını bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı  illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. Milli Priortetlərdə də qeyd olunduğu kimi, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır.  O da qeyd edilir ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.

Qeyd edək ki,  2003-cü ildən bu günədək bu hədəflərə yüksək səviyyədə nail olmaq üçün mühüm addımlar atılıb. Cənab İlham Əliyev Prezident kimi fəaliyyət başladığı ilk gündən bu çağırışı etdi ki,  neft kapitalını insan kapitalına çevirək. Artıq bu hədəf reallıqdır. Azərbaycan bu gün yalnız neft deyil, qeyri-neft sektorunun inkişafı  ilə də dünyanın diqqətindədir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.  Azərbaycan hazırda dünyaya sosial dövlət kimi təqdim edilir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması vətəndaş məmiuiluğunun artırılmasına öz müsbət təsirini göstərir. Cənab İlham Əliyevin bu çağırışı daim önə çəkilir ki, neftlə zəngin çox ölkələlər var. Amma bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun müəyyənləşdirilməsi ölkəmizin bu problemləri yaşamamasını şərtləndirdi.

Neft gəlirlərinin idarə olunmasında şəffaflıq kriteriyasının qorunması mühüm sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsini təmin edir. Bu isə öz növbəsində həm əhalinin sosial müdafiəsini gücləndirir, həm də ölkənin hərtərəfli inkişafına yol açır. Cənab İlham Əliyev yeni dövrün yeni hədəflərindən bəhs edərkən böyük inamla qeyd etdi ki, dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək. «Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq» fikirlərinin davamı olaraq cənab İlham Əliyev bu çağırışı etdi ki, əlbəttə, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın iqtisadi inkişaf modeli nümunədir. Ölkəmiz tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqla mövcud iqtisadi və maliyyə imkanlarımızı bir daha dünyaya təqdim etdi.

Yeganə Əliyeva, "İki sahil"