29 avqust 2024 14:46
496

Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Astara rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəbuldan öncə nazir Adil Kərimli və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər.

Onların müraciətlərinə xüsusi diqqət göstərilib, qaldırdıqları məsələlərə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.

Xatırladaq ki, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən reallaşan qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.