Ölkəmizdə pambıq yığımı davam edir

24 noyabr 2017 23:32
2377

Saatlı ən çox pambıq əkilən rayon olmaqla yanaşı, məhsul yığımında da birincidir

Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabrın 24-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 188669,83 ton məhsul təhvil verilib. Hesabat dövründə ən çox pambıq yığılan rayonların ilk beşliyində  Saatlı (24844 ton), Biləsuvar (23028,72 ton), Bərdə (20246,08 ton), Ağcabədi (18441,91 ton), Sabirabad (16715,55 ton) rayonları dayanır.

Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055,0 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111,0 hektar) əkilib.

Əkin və məhsul yığımına görə rayonlar arasında fərq hər iki göstərici üzrə ilk beşlikdən də aydın olur. Bundan əlavə, Goranboy rayonunda pambıq əkilən sahə Cəlilabaddakından 10 dəfə çox olsa da, məhsul yığımına görə nisbət 6,36 dəfədir. Tərtərdə  pambıq əkilən sahə isə Zərdabdakından 3,5 faiz az olsa da, məhsul yığımı üzrə fərq 2 dəfədən də çox olmaqla birincinin xeyrinədir. Ümumilikdə isə bu il 22 rayonda pambıq əkilib. Hələlik hər hektarda yüksək məhsuldarlığa görə Tərtər, aşağı göstəriciyə görə isə Hacıqabul rayonu seçilir.

Bölgələrdə hava şəraitinin pambıq yığımına görə əlverişsiz olmasına baxmayaraq məhsulun son qozasınadək itkisiz toplanmasına çalışılır.  Yığıma mütəşəkkil başlayan fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər yığmaq üçün bütün imkanlardan istifadə edirlər. Təkcə Biləsuvar rayonunda tədarük olunan pambığın 70 faizindən çoxu maşınlarla yığılıb.

Qeyd etmək lazımdır ki, 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində pambıq əkini sahəsi əvvəlki 2015-ci illə müqayisədə ötən il 2,7 dəfə artaraq 51,4 min hektara, pambıq istehsalı 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb. Cari ildə  isə 2016-cı  illə müqayisədə 2,7 dəfə çox - 136 min 413,2 hektar əraziyə çiyid səpilib. Ümumilikdə isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli Sərəncamına uyğun olaraq, təhvil verdikləri hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiyanın verilməsi və eyni zamanda, şirkətlər tərəfindən xam pambığın tədarük qiymətinin artırılması bu sahənin inkişafına əlavə stimul verib.

Bu ildən isə pambıq əkən fermerləri daha da həvəsləndirmək və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə “Azərpambıq” MMC-nin regionlarda olan zavod və məntəqələri tərəfindən bağlanmış müqavilələr əsasında bu il qəbul ediləcək xam pambığın 2-ci və 3-cü növlərinin alış qiyməti hər ton üçün 10 manat artırılıb. Hazırda pambığın alış qiymətləri I növ  500 manat, II növ  480 manat, III növ  450 manat, IV növ  isə 400 manat təşkil edir.

Pambıqçılığın daha geniş miqyasda inkişaf etdirilməsi məqsədilə ölkə başçısının 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı təsdiq edilib ki, bu da aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirməyə, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradır. Xüsusilə də son illərdə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni mərhələsinə yüksəlməsində mühüm rol oynayıb, bu sahəyə investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artırıb. Təsadüfi deyil ki, pambıq əkini sahələrinin həcmi ildən-ilə artırılır ki, bu da Dövlət Proqramında da nəzərdə tutulduğu kimi 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılmasına imkan verəcək. 

Bu sahənin inkişaf etdirilməsi, eyni zamanda Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Bu baxımdan da pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi inzibati yollardan da çox stimullaşdırılma tədbirlərindən ibarət olmaqla davam etdiriləcək.

Ceyhun Piriyev, “İki sahil”