07 sentyabr 2024 00:14
696

Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququ təmin edilməlidir

Ermənistanda revanşist qüvvələr, qondarma rejimin tör-töküntüləri yenə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar ilə çıxış edirlər. Onlar Qərbdəki havadarlarına arxalanaraq yenə də “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuraraq sərsəm fikirlər səsləndirirlər. Ermənistanda səsləndirilən təxribatçı açıqlamalar ölkəmizdə haqlı olaraq narazılıqla qarşılanıb. Sentyabrın 2-də Qərbi Azərbaycan İcması bəyan edib ki, Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququ təmin edilməlidir. Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana Qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq.

Heç kimə sirr deyil ki, azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, soydaşlarımıza məxsus maddi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgə tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ müharibəsindən sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, azərbaycanlıların tarixi yaddaşını silmək. Tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan isə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Bunlar reallıqdır. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub.

Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyil­dir. Hətta antropoloqlar arxeoloji araşdır­maları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edil­dikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türk­mənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran və Osmanlı ərazisindən minlərlə erməni ailələri İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar. Onlar 6 il ər­zində vergi və mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbay­can arasında bufer zona yaratmaq idi və bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi. İstər Gülüstan, istərsə də Türkmən­çay müqavilələri həm Qərbi, həm də Cənubi azərbaycanlılara qarşı xəyanətkarlıq  aksiyaları idi. Qafqazda azərbaycanlıla­ra qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti xalqımızın tarixində silinməz izlər qoydu. Bu, bir həqiqətdir ki, Qərbi Azər­baycan bizim bütöv Azərbaycanın bir parçasıdır. Azərbaycan xalqının mədəniyyət be­şiyi olan Qarabağın erməni işğalçıların­dan azad edilməsi, Qərbi azərbaycanlı­ların öz ata-baba yurduna qaytarılması Ulu Öndər Heydər Əliyevin liderlik fəaliy­yətinin əsas istiqamətini təşkil edirdi.  Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qa­lan torpaqlarımız azad edildi. Artıq Azər­baycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nə­ticələndi. Qarabağın azad edilməsi ilə Azərbay­canın xarici və daxili siyasətində yeni pri­oritetlər meydana çıxdı. Azərbaycan Or­dusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimiz­lə yanaşı, ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür.

Qərbi Azərbay­can İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir. Bu gün "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycanda doğulanlara şəxsiyyət vəsiqələri veriləndə, orada onların doğulduğu rayonların, kəndlərin tarixi adları bərpa olunur. Bu proses davam edir. Bu, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa söykənən məsələdir. Hər bir insanın doğulduğu ərazilərdə yaşamaq hüququ var. Bu gün istər ABŞ, istərsə də Avropa İttifaqı  bu məsələdə ədalətsiz mövqe tutduqlarının  nəinki fərqindədirlər, hətta bunu məqsədli şəkildə etdikləri  də şübhə doğurmur. Səbəb çox sadədir: Cənubi Qafqazla bağlı destruktiv planları məhz onları öz himayədarı kimi görən Ermənistanın vasitəsilə həyata keçirmək. Hər halda Ermənistanın, son vaxtlar Qərbin direktivlərini qeyd-şərtsiz yerinə yetirməsi bu qənaəti daha da möhkəmləndirir.

Bakı ilə münasibətlərin normallaşması üçün İrəvanın siyasi iradə göstərməsi zəruridir. Bunun əsas komponentlərindən biri də azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdış hüququnun rəsmi səviyyədə tanınmasıdır. İrəvan bu çərçivədə destruktiv mövqedən çıxış etdikcə, münasibətlərin normallaşmasında ciddi uğura nail olmaq mümkün görünmür. Ancaq biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Azərbaycan hökuməti Qərbi Azərbaycana qayıtmaqda, özü də dinc yolla qayıtmaqda israrlıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”