10 sentyabr 2024 12:52
246

CAREC-in iqlim həlləri COP29-da təqdim olunacaq

Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının İqlim Dəyişmələri üzrə İşçi Qrupunun (WGCC) 3-cü görüşündə müzakirə ediləcək iqlimlə bağlı müştərək həllər noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) təqdim olunacaq və bununla bağlı ümumi çağırışlar ediləcək.

“İki sahil” ADB-yə istinadən xəbər verir ki, həmçinin işçi qrupun 3-cü görüşünün məqsədi bu il noyabrın 8-də CAREC Nazirlər Konfransında təqdim olunacaq İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı layihəsinə dair razılığa gəlmək və sənədin qəbuluna nail olmaqdır. Eyni zamanda regional iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması layihələrinin konseptuallaşdırılması təşəbbüsü irəli sürüləcək, biliklərin mübadiləsi aparılacaq.

Fəaliyyət Planı CAREC-in təşəbbüslərini şaxələndirəcək, regional iqlimə uyğunlaşma və təsirlərin azaldılması layihələrinin hazırlanmasına, həyata keçirilməsinə dəstək verəcək, tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək.

Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.