16 sentyabr 2024 12:16
332

Üzeyir Hacıbəyli xatirələrdə

Azərbaycan musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gün-18 sentyabr tarixi 1995-ci ildən ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.

Ruhunun işığı daima dünyamızı nurlandıran o dahi şəxsiyyətin-Üzeyir Hacıbəylinin bu günlərdə 139 illik yubileyidir. Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində opera, operetta, balet janrının bünövrəsini yaratmağa nail oldu. Gənc milli kadrlar hazırlamaq məqsədilə musiqi məktəblərini, musiqi texnikumunu, Azərbaycan  Dövlət Konservatoriyasını ərsəyə gətirdi. Bütün  musiqi kollektivlərinin- Xalq çalğı alətləri notlu orkestrını, Dövlət Xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs amsamblını, sazçı qızlar dəstəsini təşkil etmişdi. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyaraq, çox sayda bəstəkar  və musiqişünaslar nəsli yetişdirdi. Tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Asəf  Zeynallı, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov və digərləri görkəmli bəstəkar və musiqişünas oldular.

Məqalə Üzeyir Hacıbəylini yaxından tanıyan,  onunla yaradıcılıq ünsiyyətində olan görkəmli adamların-elm və mədəniyyət xadimlərinin, eləcə də bəstəkarın tələbələrinin xatirə və məqalələri  toplanmışdır. Onları oxuduqca Üzeyir Hacıbəyli yaradıcılığındakı əlamətdar hadisələr, sənətkarın mənalı həyat və fəaliyyəti gözümüz önündə canlanır. Dahi bəstəkar Üzeyir Hacıbəyli gözəl operalar, musiqili komediyalar, xor və xalq çalğı alətləri orkestrı üçün yazılmış əsərlər, romans və mahnılar müəllifidir.

Vokal sənətinin zirvəsi sayılan Bülbül Üzeyir bəylə tanışlığından danışır: “Məni bu böyük bəstəkarla Əbdürəhim bəy Haqverdiyev tanış etmişdir. “Əsli və Kərəm” operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış etdi. Günlər keçdi, Üzeyir bəyin  əsərlərinin qəhrəmanı oldum. Üzeyir bəylə mənim dostluğumun səbəbi onun əsərlərini oxumağım və operalarında baş qəhrəman rolunu oynamağım deyildir. Bizim dostluğumuzun əsası ideya birliyidir, vətənimizə, xalqımıza olan məhəbbətimizin  əks-sədasıdır”.

M.S.Ordubadi böyük sənətkar barəsində xatirələrində qeyd edirdi: “Üzeyir  ilə tanışlığımız birinci dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Günlərin birində müştərəq  yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı: “Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz  yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq. Mən  20-ci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım. Bir az sonra mərhum C.Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdür müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə üz-üzə gəldim və tanış oldum. Bu görüş də yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: “Daha qorxmursankı!...”  Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız  bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım”.

Fikrət Əmirov öz  xatirələrində qeyd edir: “Dahi bəstəkar mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmışdır. Bu unudulmaz görüşün səbəbkarı  böyük  müğənnimiz Bübül oldu. 1938-ci ildə Bülbül məni konservatoriyaya, bəstəkarın iş otağına aparıb təqdim etdi: “Üzeyir bəy, Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir”. Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq, ömrünün  axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimdən xalq musiqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gəlir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, onun unudulmaz məsləhətlərini eşitmişəm.

Şövkət Məmmədova öz xatirələrində qeyd edir: “Onunla ilk görüşümü xatırlayarkən, Üzeyirin-öz xalqını sonsuz  məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm. “Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bakıda olduğumdan xəbər tutub, o, mənim taleyimdə yaxından iştiraki etdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Tale bizi bir daha görüşdürdü. Bakıdakı qadınlar klubunda “Arşın mal alan” dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan  oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tərifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah  Üzeyirlə dostluğum bu andan başladı.

Tələbələrindən olan Ağabacı Rzayeva öz xatirələrindən danışarkən qeyd edirdi : “Mənə müharibə illərində Ü.Hacıbəylinin sinfində oxumaq nəsib olmuşdur. Onun öz təhsil üsulu vardı: bizə, musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Ü.Hacıbəylinin çox qiymətli bir xüsusiyyətini də qeyd etmək istərdim. O, bizim nəinki yaradıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə də maraqlanırdı. Sinfə girəndə hamını nəzərdən keçirir, bir narahatlıq hiss edən kimi hökmən soruşurdu. Müəllimimiz, dostumuz, gözəl insan çoxdandır ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə daim yaşayır.

Üzeyir  müəllim olmasa idi, mən də olmazdım bunu xatirələrində Şəfiqə Axundova qeyd edir: “Bugünkü varlığımla, bugünkü müvəffəqiyyətlərimlə mən müəllimimə borcluyam. 1939 –cu ildə Üzeyir müəllimin yanına gələrkən məktəbli qız idim, hec bir musiqi təhsilim yox idi. Üzeyir müəllimin konservatoriyada  açdığı hazırlıq kursunda oxumağa başladım. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük  ürəkli bir insan idi.

... 1943-ci il. Maddi vəziyyətimiz ağırlaşdığından, ailəyə kömək etmək üçün mən işə girməli idim. Bu barədə Üzeyir müəllimə müraciət etdim və o, məni M.F.Axundov adına Opera və Balet Teatrına suflyorluğa işə düzəltdi. 1944-cü ildə Üzeyir müəllimin himnini müəllifin göstərişi və təklifi ilə filarmoniyada hökümət baxışında ilk dəfə mən oxumuşam. Azərbaycan  Himninin ilk ifaçısı  olduğum üçün özümü xöşbəxt hesab edirəm. Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım kəsdirirdi. Üzeyir müəllim haqqında çox danışmaq olar. O, əsil insan, mərd adam idi. Onun xatirəsi qəlbimizdə silinməzdir. Milli Ensiklopediyanın texniki redaktoru Səlim Əhmədov Üzeyir bəy haqqında  öz xatirələrini qeyd edərkən deyirdi: “Üzeyir bəy musiqimizin təəssübkeşi ilə bərabər qayğıkeş insan idi. O, dahi sənətkarla tanışlığından  bu tanışlığın öz həyatındakı rolundan danışır : “Babamgilin mülklərində yaşayan Üzeyir bəyin böyük bacısının nəvəsi Kamal Paşayevlə yaxın dost idik. Üzeyir bəylə tanışlığımda bu dostluq nəticəsində yaranımışdı. Kamalla tez-tez onların evinə gedər, Üzeyir bəyin maraqlı söhbətlərinə qulaq asar, hətta onunla “ Leyli və Məcnun” un “Koroğlu” nun məşqlərinə də gedərdik. Üzeyir bəy təhsilimlə tez-tez maraqlanır, dəyərli məsləhətlər verirdi. Məni hər görəndə təhsilimi davam  etdirməyi söyləyirdi. Heç yadımdan çıxmaz Üzeyir bəyin dəfn mərasimi günü Elmlər Akademiyasının əsas binası qarşısındakı insan selinin qarşısını almaq mümkün deyildi. Bütün Üzeyirsevərlər bu ölməz sənətkarı son mənzilə yola salırdı. Bülbülün yanıqlı səslə oxuduğu “ Sənsiz ” romansı isə o gündən Üzeyiri zəngin irsi, əvəzsiz sənət abidələri ilə birgə ölməzliyə qovuşdurdu...      

Bəyim Dadaşova,
Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi