13 sentyabr 2024 18:04
181

DİM azad olunan bölgələrdəki kitabxanalara müxtəlif nəşrlər təqdim edib- FOTO

Yeni tədris ilinin başlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş rayonlarda yerləşən bütün məktəblərə şagird və müəllimlərin istifadəsi üçün 74 adda 350-dən çox kitab təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd olunan layihə çərçivəsində Şuşa şəhər 1 nömrəli, Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli, həmçinin Laçın rayonu Zabux və Sus kənd tam orta məktəbləri, Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, ibtidai siniflər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

Xatırladaq ki, layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub və gələcəkdə işğaldan azad olunmuş bölgələrdə yeni istifadəyə verilən məktəblərə də lazımi elmi-metodiki vəsaitlər təqdim olunacaq.