18 sentyabr 2024 07:36
164

Bu gün Üzeyir Musiqi Günüdür

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.

“İki sahil” xəbər verir ki, Üzeyir bəy Hacıbəylinin doğum gününün musiqi günü kimi qeyd olunması ənənəsini görkəmli bəstəkar və dirijor Niyazi qoyub. Üzeyir bəy 1885-ci il sentyabrın18-də dünyaya gəlib. O, 63 illik ömründə zəngin, çoxşaxəli yaradıcılıq yolu keçib, ictimai xadim, pedaqoq, publisist, redaktor, bəstəkar, musiqişünas kimi doğma xalqının, vətəninin tərəqqisinə çalışıb. Vəfatından sonra görkəmli bəstəkar və dirijor Maestro Niyazi hər il sentyabrın 18-ni bayram kimi keçirirdi. Bu ənənə uzun illər davam etmişdir.

1995-ci il sentyabrın 18-də dahi bəstəkarın anadan olmasının 110-cu ildönümündə Ümummilli Lider Heydər Əliyev “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir Musiqi Günü keçirilir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ölkəmizin mədəni həyatında mühüm hadisə olan festivalda dünyanın bir çox ölkələrindən tanınmış sənətçilər iştirak edəcək. Festivala təşrif buyuran xarici qonaqlar Üzeyir Hacıbəyli irsi barədə dolğun məlumat alaraq mədəniyyətimizlə, musiqimizlə daha yaxından tanış olacaq, öz təəssüratlarını zənginləşdirəcəklər. Bu isə öz növbəsində Azərbaycan musiqisinin, Üzeyir Hacıbəyli yaradıcılığının dünyada daha geniş tanınması, təbliğ olunması deməkdir.