18 sentyabr 2024 14:42
287

Separatizmə son qoyan antiterror tədbirləri

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindəki qeyri-qanuni birləşmələri növbəti terrora əl atdı. Düşmənin kəşfiyyat-diversiya qrupu tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azarbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qoşunlarını daşıyan nəqliyyat vasitəsi də minaya düşdü. Nəticədə ikisi mülki şəxs olmaqla doqquz Azerbaycan vatandaşı halak oldu.

Törədilən cinayətə cavab olaraq Azərbaycan ordusu sentyabrın 19-da terrorçu silahlı birləşmələrə qarşı antiterror əməliyyatı həyata keçirmək  məcburiyyətində qaldı. Qısa müddət ərzində terrorçu birləşmələrin yerləşdiyi atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri dəqiq zərbələrlə sıradan çıxarıldı.

Antiterror əməliyyatları zamanı diqqət çəkən məqamlardan biri ordumuzun yüksək dəqiqliyə malik silahlardan istifadə etməsi oldu. İkinci Qarabağ müharibəsi zamanı mülki yaşayış məntəqələrini atəşə tutan düşməndən fərqli olaraq, Azərbaycan ordusu antiterror əməliyyatı zamanı mülki əhaliyə zərər vurmamaq üçün bu cür silahlardan istifadə etmişdir.

Antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin 90-dan çox döyüş mövqeyi Azərbaycan Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus silah-sursat, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda silah-sursat və texnika hərbi qənimət kimi ələ keçirildi.

Azərbaycan Ordusu ən böyük irəliləyişi gün ərzində şimal-şərq istiqamətində əldə etdi. Azərbaycan qüvvələri Qozlukörpü və Çərəkdar kimi iri kəndlərə doğru irəlilədilər.Cənub-şərq istiqamətində Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindəki ssenari üzrə bir neçə dərədən keçərək Xocavənd şəhərinə doğru irəlilədilər. Yol üzərində mis-molibden mədəni, həmçinin IV əsrə aid Amaras monastırı da azad edildi. Xankəndi və Əsgəranın atəşə tutulması daha çox xaotik xarakter daşıyırdı və mülki əhali arasında itkilər ilə nəticələnirdi. Eyni zamanda Qarabağ ermənilərinin arxa cəbhə infrastrukturu da dağıdıldı. Bayraktar pilotsuz uçan aparatları hədəflərə dəqiq zərbələr endirirdi. Azərbaycan qüvvələri döyüşlərdə əsasən raket qoşunlarından və top artilleriyasından istifadə edib. Ermənistan baş naziri Nikol Paşinyan axşam saatlarında açıqlama verərək Ermənistanın bu münaqişəyə qoşulmayacağını bildirməsindən sonra Qarabağ erməniləri gecə saatlarında təslim olmaq şərtləri barədə Azərbaycan tərəfi ilə danışıqlara başladı. Danışıqların başa çatmasından sonra səhərisi gün 20 sentyabr saat 13.00-da döyüşlərin dayandırılmasına qərar verildi.

   Azərbaycanın aşağıdakı şərtləri qəbul edildi:

1.Ermənistan ordusunun Azarbaycanın Qarabağ iqtisadi rayonu ərazisində qanunsuz hərbi birləşmələri tərk-silah olunmalı və Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır.

2.Onlara məxsus bütün silah va texnikalar Azərbaycana təhvil verilməlidir.

   23 saat 43 dəqiqə çəkən antiterror əməliyyatı nəticəsində:

1.Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonu üzərində öz suveren hüquqlarını tamamila bərpa etdi.

2.Xankandi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri və Əsgəran qəsəbəsi daxil olmaqla bütün yaşayış məntəqələri qanunsuz terrorçu qruplanmalardan təmizləndi.

3.Azərbaycan ərazisində yeni bir erməni dövləti qurmağa cəhd edən Ermənistanın və erməni lobbisinin niyyətləri puç edildi.

4.1988-ci ildən başlayan qondarma Qarabağ problemi birdəfəlik həll edildi.

5.Ərazisində münaqişələr olan keçmiş sovet respublikaları içərisində Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən ilk dövlət oldu.

Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi. Hərbi əməliyyatlar zamanı həm Azərbaycan, həm də Ermənistan tərəfdən dinc insanlarda həyatını itirdi. Azərbaycan tərəfdən 1 ölü və 2 yaralı olduğu bildirildi. Geğam Stepanyan isə 19–20 sentyabrda baş verən hadisələr zamanı 6-sı uşaq olmaqla 18 dinc insanın öldüyünü, 40-dan çoxunun yaralandığını qeyd etdi.

2023-cü il oktyabr ayının 15-də bütün Azərbaycan xalqının ürəyi Xankəndi ilə döyünürdü. Qarabağ iqtisadi rayonuna səfər edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev üçrəngli dövlət bayrağını Xankəndinin mərkəzi meydanında ucaltdı. Həmin gün terrorçulardan təmizlənmiş Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda da Azərbaycan bayrağı dalğalanmağa başladı.

Noyabrın 8-də isə Xankəndidə Azərbaycan ordusu bölmələrinin bir hissəsinin iştirakı ilə “Zəfər paradı” keçirildi.Azərbaycan hərbi marşları ilə meydandan keçən qəhrəman ordumuzun bölmələri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya göstərdi.

İşğaldan tamamilə azad edilmiş Qarabağda idman tədbirləri də keçirildi. 2023-cü ilin dekabr ayının 21-də bərpa edilmiş və yenidən qurulmuş Xankəndi stadionunda "Qarabağ" və "MOİK" (Mərkəzi Ordu İdman Klubu) komandalarının iştirakı ilə futbol üzrə Azərbaycan kubokunun 1/8 final matçı keçirildi. Topa ilk zərbəni Müzzəffər Ali Baş Komandan endirdi. 

Ruhəngiz Hüseynova,
221 nömrəli məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü