19 sentyabr 2024 15:54
585

MEMİM “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi təşkil edib

18 sentyabr Azərbaycanda peşəkar musiqi sənətinin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olduğu gün, həmçinin Milli Musiqi Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilir.

“İki sahil” xəbər verir ki,  M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan festivalın açılış konsertindən öncə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə Milli Musiqi Gününə həsr  olunmuş “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi izləyicilərə təqdim olunub.

Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sərgi ilə yaxından tanış olaraq xoş təəssüratlarını bölüşüblər.

Tədbir mədəniyyətimizin təşviqi, mədəni irsimiz olan naxışların gənc nəsillərə ötürülməsi və təbliğinə bir töhfədir. Sərgidə müasir texnologiyalar vasitəsi ilə hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu xalçalar, milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünə məxsus naxışlarının işləndiyi xalçalar və kəlağayılar, eləcə də milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri nümayiş olunub.

Sözügedən məhsulların hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə vacib məsələlərdən biridir. Ona görə ki, naxışlar millətin genetik səviyyəsində yaranan identifikasiya kodudur.

Sərgi sentyabrın 28-dək davam edəcək.