23 sentyabr 2024 22:01
98

BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub

BMT Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"si çərçivəsində COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları" təşəbbüsünə dair dəyirmi masa baş tutub.

“İki sahil” xəbər verir ki, görüş Nyu-Yorkda İqlim həftəsi çərçivəsində COP29 prezidentliyi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Davamlılıq üçün Yerli Hökumətlər (İCLEİ) tərəfindən təşkil olunub.

Görüşdə BMT-yə üzv ölkələrdən diplomatlar, alimlər, vətəndaş cəmiyyəti nümayəndələri və özəl sektorun təmsilçiləri iştirak edib.

Tədbirdə COP29 üzrə baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya Nyenqa iqlim dəyişikliyi ilə mübarizədə şəhərlərin oynadığı mühüm rol barəsində ətraflı çıxışlar edib.

A.Quliyev çıxışında bildirib ki, görüşün keçirilməsində məqsəd iştirakçıları COP29 prezidentliyinin "İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları" (MAP) təşəbbüsü haqqında məlumatlandırmaqdır. O, qonaqları COP29-da Urbanizasiya Günü çərçivəsində 20 noyabrda keçiriləcək Urbanizasiya və İqlim üzrə nazirlərin 3-cü görüşü haqqında məlumatlandırıb.

Dəyirmi masada müzakirələr iki müxtəlif panel üzrə aparılıb. "Şəhərlərdə multisektoral iqlim fəaliyyəti və COP29-un rolu" mövzusunda təşkil edilmiş paneldə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Selest Saulo, Türkiyə Ekologiya Nazirliyinin İqlim Dəyişikliyi bölməsinin direktoru Halil Hasar, Finlandiyanın Turku şəhərinin meri və İCLEİ-nin birinci vitse-prezidenti Mina Arv və Bloomberg təşkilatının nümayəndəsi Meqan Ross fikir mübadilələri aparıblar.

M.Ross çıxışında COP29 Urbanizasiya Günü çərçivəsində keçiriləcək urbanizasiya və iqlim dəyişikliyi üzrə yüksək səviyyəli iclasa “Bloomberg” tərəfindən ediləcək dəstək haqqında məlumatlandırıb. Çıxış edənlər MAP təşəbbüsünün innovativliyini, o cümlədən, bir tərəfdən indiyədək COP çərçivəsində irəli sürülən təşəbbüslərdə əks etdirilməmiş yeni sahələri əhatə olunduğunu, digər tərəfdən isə bu təşəbbüslərlə Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü arasında sinerjinin yaranmasına töhfə verəcəyini vurğulayıblar.

"Yerli iqlim maliyyəsinin sürətlənməsi üçün əməkdaşlığın inkişafı" mövzusu üzrə təşkil olunan ikinci paneldə Dünya Bankının Ətraf Mühit bölməsinin direktoru Valeriya Hikey, Şəhərlərdə İqlim Maliyyəsinə Liderlik Alyansının (CCFLA) direktor müavini Prissilla Neqreyros, Beynəlxalq Maliyyə Korporasiyasının İqlim Strategiyası və Biznes bölməsinin baş meneceri Dip Nyungen Van Hut, Asiya İnkişaf Bankının İqlim Dəyişikliyi bölməsinin direktoru Noel Obrayan və son olaraq Asiya İnfrastruktur İnkişaf Bankın iqlim üzrə məsul əməkdaşı Çanping Şiye fikir mübadiləsi aparıblar. Görüşdə dayanıqlı və sağlam şəhərlərin qurulması üçün iqlim maliyyəsinin şəhərlərə istiqamətlənməsinin əhəmiyyətindən bəhs olunub və MAP təşəbbüsünün bu sahədə qlobal maliyyəşmənin artırılmasına töhfə verəcəyi qeyd olunub.

Tədbirinin yekun hissəsində İCLEİ-nin Qlobal Siyasət və Təbliğat qrupunun rəhbəri Yunus Arıkan İCLEİ-nin iqlim dəyişikliyi ilə mübarizədə rolu haqqında məlumat verib və MAP təşəbbüsü çərçivəsində COP29 ilə qurduğu yaxın əməkdaşlıqdan bəhs edib.

Sonda çıxış edən COP29 üzrə baş danışıqçısı Yalçın Rəfiyev qonaqlara təşəkkürünü bildirib, MAP təşəbbüsünün nəticəsi olaraq COP29 prezidentliyinin təşəbbüsü ilə müxtəlif COP prezidentlikləri və BMT-nin Məskunlaşma Proqramı arasında qurulacaq Şəhərlərin İqlim Fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının yaradılacağını, şəhərlər haqqında təklif olunan MAP bəyannaməsinə ölkələr və təşkilatların qoşula biləcəkləri deyib. Y.Rəfiyev 20 noyabrda "COP29 Urbanizasiya Günü" çərçivəsində keçiriləcək Urbanizasiya və İqlim dəyişikliyi üzrə yüksək səviyyəli iclas və dəyirmi masalar barədə qonaqlara ətraflı məlumat verib.