24 sentyabr 2024 17:57
97

Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Sentyabrın 24-də Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Görüşdə iki ölkə arasında media və kommunikasiya sahələrində səmərəli və genişmiqyaslı əlaqələrin qurulması, həmçinin informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, spesifik layihələrin icrasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Özbəkistan tərəfi media və informasiya sahəsində, habelə saxta xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməyə maraqlı olduğunu ifadə edib, bu kontekstdə sözügedən sahədəki strateji yanaşmanın qarşılıqlı formada inkişafının vacibliyi diqqətə çatdırılıb.

Danışıqlar zamanı iki ölkənin qabaqcıl informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin artırılmasının ölkələrin informasiya mühitinin gücləndirilməsinə, media məkanında həyata keçirilən müxtəlif informasiya hücumlarına qarşı səmərəli mübarizə metodlarının tətbiqinin formalaşmasına töhfə verəcəyi qeyd olunub.

Bununla yanaşı, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb, təkliflər verilib.