24 sentyabr 2024 17:59
82

İqlim maliyyəsi ilə bağlı yeni sazişə ehtiyacımız var - Saymon Stil

Dünya birliyinə iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı yeni saziş lazımdır.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bildirib.

“Mən qəsdən “saziş” deyirəm, çünki söhbət təkcə dövlət maliyyəsinə ehtiyacımızı müəyyən edən rəqəmlərdən yox, daha çox mənbələrdən vəsait axınını təmin etmək öhdəliyindən gedir. Bəli, biz dövlət və güzəştli maliyyələşdirmədən, eləcə də inkişaf banklarının ciddi islahatı və hökumətlərin daha iddialı iqlim siyasəti ilə dəstəklənəcək qarışıq maliyyələşdirmədən danışırıq”, - deyə o əlavə edib.

Bundan başqa, S.Stilin sözlərinə görə, dekarbonizasiya qaçılmazdır və XXI əsrdə dünya iqtisadiyyatının ən böyük transformasiyasıdır.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilən maliyyə vəsaiti artıq 1 trilyon ABŞ dollarını keçib.

“Bu il günəş enerjisinə investisiya qoyuluşu 500 milyard ABŞ dollarını ötəcək. İndi günəş enerjisinə digər elektrik enerjisi istehsalı texnologiyaları ilə müqayisədə daha çox sərmayə qoyulur. Biz artıq alternativ enerjidən və ya prinsipcə, “alternativ”dən danışmırıq”, - icraçı katib qeyd edib.

Onun sözlərinə görə, hər bir sektorda transformasiya zəruridir və bu, bütün sektorlarda yeni imkanlar açır. Bununla belə, onun fikrincə, hazırda maliyyə vəsaitinin böyük hissəsi ən böyük iqtisadiyyatlardakı layihələrə yönəldilir.

S.Stil bildirib ki, ölkələrin iqtisadiyyatlarında ədalətsizlik və balanssızlıq nəinki qəbuledilməzdir, həm də məhvedicidir. O, bunu tədarük zəncirlərinin qarşılıqlı əlaqəsi ilə izah edib.

“Yaxın xaricə autsorsinq və deqlobalizasiya haqqında son söhbətlərə baxmayaraq, dünyamız və qlobal iqtisadiyyatımız bir-birindən asılıdır və qeyri-bərabər qlobal transformasiyanın başlayacağı təqdirdə sonda hamı ciddi itki ilə üzləşəcək”, - icraçı katib qeyd edib.