24 sentyabr 2024 23:34
414

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında ölkəmizdən "Zaman" qrupunun etno-caz konserti təqdim olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Konsertdən öncə çıxış edən musiqi qrupunun bədii rəhbəri Vasif Hüseyn milli çalğı alətlərinə böyük marağı olduğunu deyib: "Zaman" qrupunu yaratmaq istəyi milli musiqi alətlərimizə olan maraq və sevgimlə bağlıdır. Qrupda Azərbaycan balaban, tütək, zurna və s. alətlərdən çox istifadə edirəm. Bacardığım qədər, milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və yeri gələndə Qərb alətləri ilə sintez edirəm".

Sonra "Zaman" qrupu (Saleh Məmmədov – bas gitara, Eyvaz Həşimov – zərb alətləri, Fəqan Rəhmanoğlu – nəfəs alətləri) və pianoçu, bəstəkar Vasif Hüseyn (eyni zamanda qrupun bədii rəhbəri) maraqlı proqramla çıxış edib.

Proqramda Vasif Hüseynin "Biri var idi, biri yox idi" (“Once upon a time”), "Zaman", Vaqif Mustafazadənin "Baharda" ("Springtime"), "İmprovizə" ("Improvise"), Hans Zimmerin "Ulduzlararası" (Interstellar") və "Yapuray" qazax xalq mahnısı səsləndirilib.

Qazax musiqisevərlər konserti böyük maraq qarşılayıb, ifaçıları alqışlayıblar.

Xatırladaq ki, Azərbaycan caz sənətinin əfsanəsi sayılan bəstəkar Vaqif Mustafazadə (1940–1979) orijinal ifaçılıq üslubuna malik olub. O, muğamlarımızı caz texnikası ilə birləşdirərək caz-muğam kimi yeni bir musiqi janrı yaradıb. Bu gün də bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğamın sintezindən istifadə edirlər.