25 sentyabr 2024 08:04
403

Mexikoda Azərbaycan mədəniyyəti təqdim olunub

Meksika Xarici İşlər Nazirliyi və Mexiko Şəhər Hökumətinin təşkilatçılığı, habelə Meksikada akkreditə olunmuş Səfirliklərin dəstəyi ilə 22 sentyabr tarixində YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olan çarreriya atçılıq ənənəsinin qorunub saxlanıldığı simvolik “Lienzo Charro de Constituyentes” arenasında dünya mədəniyyətlərinin tədqimatı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə  Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib. Qeyd olunub ki, Mexiko şəhər sakinləri tərəfindən izdihamla qarşılanan tədbirdə Azərbaycanın milli mədəniyyət nümunələri, o cümlədən milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri və milli şirniyyatlar təqdim olunub, iştirakçılara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə ətraflı məlumat verilib, müxtəlif çap materialları paylanılıb.

Azərbaycan stendi böyük maraqla qarşılanıb. Tədbirdə Xarici İşlər Nazirliyinin, şəhər meriyasının, yerli bələdiyyə orqanlarının nümayəndələri, habelə Meksikanın digər rəsmiləri, paytaxt sakinləri, turistlər, diplomatik korpusun nümayəndələri və yerli KİV nümayəndələri iştirak edib.