25 sentyabr 2024 12:37
78

İqlim dəyişmələri səbəbindən əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır

Dünyada qlobal iqlim dəyişmələri və antropogen amillərin təsiri altında əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır, şirin su ehtiyatları azalır.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Avropa və Mərkəzi Asiya ölkələrinin aqro - ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi" mövzusunda regional iqlim konfransında deyib.

O bildirib ki, Azərbaycanda son 23 ildə ölkə üzrə temperatur anomaliyası 1.1°C olub, 2023-cü ildə orta temperatur 14.6°C-yə çatıb:

"Bu da 1971-2000-ci ilin norması ilə (12.7°C) ilə müqayisədə 1.9 dərəcə çoxdur. Son onilliklərdə ən yüksək orta temperatur 2013-cü ildə 14.8°C təşkil edib".

Vüqar Kərimov vurğulayıb ki, 1961-1990-cı illərlə bütün stansiyalarda istilik dalğalarının həm təkrarlanmasında, həm də davamiyyətində artım müşahidə olunur:

"Son onilliklərdə bu proseslər dəfələrlə artaraq Bakıda 29, Gəncədə 16, Şəkidə 41 və Lənkəranda 5 dəfə təkrarlanıb. Ən çox artım Bakı və Şəkidə müşahidə olunub".

Nazir müavini dünyada baş verən iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna mənfi təsir etməsi ilə bərabər, kənd təsərrüfatı fəaliyyətlərinin də öz növbəsində iqlim dəyişmələrinə səbəb olan faktorlar içərisində yer aldığına diqqət çəkib:

"Qlobal miqyasda atılan istixana qazlarının 20%-ə qədəri kənd təsərrüfatı fəaliyyətləri nəticəsində yaranır".