26 sentyabr 2024 14:22
448

Qazaxıstan Milli Muzeyində Azərbaycan incəsənəti ilə bağlı mühazirələr təşkil olunub

Sentyabrın 26-da Qazaxıstan Respublikasının Milli Muzeyində Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün mühazirələr təşkil olunub.

Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz miniatür məktəbi” və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında çıxış ediblər.

Şirin Məlikova məruzəsində Azərbaycanda realist rəssamlıq məktəbinin təşəkkülündən bəhs edib, onun inkişaf trayektoriyasını müəyyən edən məşhur rəssamların əsərləri əsasında XX əsrin rəngkarlıq, qrafika üslubunu və istiqamətlərini nəzərdən keçirib. Məruzədə sovet bədii reallığının əsas istiqaməti ilə paralel işləyən görkəmli nonkonformist rəssamların yaradıcılığına da toxunub.

Sevil Kərimova "Təbriz miniatür məktəbi" adlı məruzəsində qeyd edib ki, Azərbaycan miniatür sənəti uzun bir inkişaf yolu keçib. Onun ilk nümunələri XIII əsrdə yaradılıb: "Birinci Təbriz məktəbinin rəssamları uyğur-çin və ərəb-Mesopotamiya ənənələrini uğurla sintez edərək diqqətəlayiq nümunələr yaradıblar. Təbriz miniatürü Səfəvilər dövründə, Sultan Məhəmmədin başçılıq etdiyi dəbdəbəli kitabxananın burada fəaliyyət göstərdiyi zaman öz zirvəsinə çatıb. Öz üslubunun formalaşması kontekstində Təbriz məktəbi Osmanlı, Hindistan, İran və digər Şərq miniatür məktəblərinə güclü təsir göstərib. Müasir Azərbaycan incəsənətində Təbriz miniatürü ikonik ilham mənbələrindən biridir".

Əminə Məlikova məruzəsində söyləyib ki, xalqımızın dünyagörüşünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalça sənəti Azərbaycan mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib. 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyi dünyada bu profilli ilk muzey idi. 2014-cü ildən muzey onun üçün xüsusi olaraq tikilmiş yeni müasir binada fəaliyyət göstərir. Bu unikal memarlıq layihəsinin müəllifi avstriyalı memar Frans Yanzdır. Muzeyin fondlarına 10 mindən çox eksponat daxildir. Bu gün muzeydə milli xalçaçılığın bütün sahələrini təmsil edən Azərbaycan xalçalarının ən dolğun kolleksiyası var. Muzey ölkədə ən çox ziyarət edilən muzeylər sırasındadır. Sağlamlıq imkanları məhdud ziyarətçilərin də muzeydə təşkil edilən sərgilərlə tanış olması üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, muzey eksponatları saxlamaqla yanaşı, unudulmuş toxuculuq texnikalarını da yaşadır. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün burada Uşaq muzeyi şöbəsi fəaliyyət göstərir ki, burada xalçaçılıq üzrə ustad dərsləri keçirilir. Muzey bir çox xarici muzeylərlə səmərəli əməkdaşlıq edir.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir.