26 sentyabr 2024 18:01
477

İraq-türkman ədəbiyyatının tədqiqi istiqamətində müzakirələr aparılıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov ölkəmizdə səfərdə olan Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə qarşılıqlı elmi-mədəni əməkdaşlığın möhkəmləndirilməsi, İraq-türkman ədəbiyyatının tədqiqi və nəşri istiqamətində birgə fəaliyyətin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Şəmsəddin Kuzəçi Kərkük türklərinin mənəvi atası olan Əta Tərzibaşının 100 illik yubileyi münasibətilə çap etdirdiyi 3 cildlik kitabını akademik Rafael Hüseynova hədiyyə edib. Bildirib ki, nəşrin cildləri Azərbaycan Bayrağının rənglərində (mavi, qırmızı, yaşıl) çapdan çıxıb. Birinci cild Əta Tərzibaşının həyat və yaradıcılığına həsr edilib, ikinci cilddə onun haqqında yazılar toplanılıb, üçüncü cilddə isə özünün 100 məqaləsi yer alıb.

Akademik Rafael Hüseynov bu nəşrləri görkəmli tədqiqatçı Əta Tərzibaşının 100 illiyinə töhfə kimi dəyərləndirib.