29 sentyabr 2024 17:58
425

Vətən müharibəsində şəhid olan Gürcüstan əsilli qəhrəmanlara həsr olunmuş “Ölümsüzlər”in təqdimatı olub.

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki,  əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin rəhbəri Raidə Dərziyeva çıxış edərək hər iki ölkənin suverenliyi və azadlığı uğrunda gedən mübarizələrin əhəmiyyətindən danışıb, qəhrəman şəhidlərin xatirəsinin daim yaşayacağını qeyd edib.

Daha sonra 44 günlük Vətən müharibəsində şəhid olan Gürcüstan əsilli qəhrəmanlara həsr olunmuş “Ölümsüzlər” kitabının təqdimatı olub. Azərbaycan və gürcü dillərində Tbilisidə nəfis tərtibatla çap olunmuş kitabın müəllifi şair-publisist Rafiq Hümmət ərsəyə gətirdiyi əsər haqqında ümumi məlumat verib, borçalıların, bütövlükdə Gürcüstan azərbaycanlılarının həm Gürcüstanın, həm də Azərbaycanın azadlıq mübarizələrində daim ön sıralarda olduqlarını vurğulayıb.

Qaratəhlə kənd orta məktəbinin direktoru Bəhram İsayev, pedaqoq-publisist Savalan Osmanlı, Rustavi şəhər 18 saylı məktəbin müəllimi Mədinə Həsənova Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq salnaməsindən söz açıb, hər iki xalqın ortaq dəyərlərini qorumağın vacibliyindən, “Ölümsüzlər” kitabının bu mənada xüsusi önəmindən bəhs ediblər. Müəllimlərdən Nurlana Əliyeva və Tsiuri Londaridze kitabdan Rafiq Hümmətin “Şəhid nəğməsi” şeirini Azərbaycan və gürcü dillərində söyləyiblər. Abxaziyada qəhrəmancasına şəhid olunmuş Ənvər Hümbətovun həyat yoldaşı Fatma Hümbətova şəhidlərin adını uca tutduqlarına görə şəhid ailələri adından minnətdarlıq edib.

Sonda jurnalist Azər Məmmədovun 44 günlük Vətən müharibəsində şəhid olan Gürcüstan əsilli qəhrəmanlara həsr olunmuş sənədli filmi nümayiş olunub.