30 sentyabr 2024 15:05
90

Kamran Əliyev: TDT üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyətində Türkiyə önəmli yer alır

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüşdə K.Əliyev təşkilatın fəaliyyətində Türkiyənin önəmli yer aldığını vurğulayıb:

"Türk Dövlətləri Təşkilatina üzv Dövlətlərin Baş Prokurorları Şurasının ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş, dərin tarixi köklərə əsaslanan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət etdiyinə, müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında cavab verməklə cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi üçün önəmlidir".

Baş prokuror COP29-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Qeyd edək ki, görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.