30 sentyabr 2024 17:50
438

Adil Kərimli bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüşüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin direktorundan ibarət heyətlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qonaqlar 28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda keçirilən növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər. Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib.

Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.

Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.

Qeyd edək ki, görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.