Məğlub ölkənin sürətli şəkildə hərbləşdirilməsi kampaniyası yeni mərhələyə daxil olub
Qərbin xeyir-duası ilə məğlub Ermənistana hərtərəfli hərbi, maddi və mənəvi dəstək verilməsi ilə bağlı sensasion xəbərlər yayılıb. Ciddi narahatlıq doğuran bu xəbərlər regionda sülh quruculuğu səylərini əngəlləyir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə qarşıdır. Qərb dünyası və onun əlaltıları otuz illik işğal və işğaldan sonrakı müddətdə qərəzli və ikili standartlardan irəli gələn formada birtərəfli qaydada Ermənistana dəstək nümayiş etdirir. Bu sırada bir vaxtlar Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan dövlətlər xüsusi ilə seçilirlər. Söhbət ABŞ və Fransadan gedir. Hər iki dövlət 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə İrəvana dəstək nümayiş etdirib. Son vaxtlar isə bu dəstək hərbi fazaya yüksəlib.
Caliber.az-ın məlumatına görə, son bir neçə həftə ərzində Ermənistan üçün nəzərdə tutulan silahlar ünvanına çatıb. Məlumata görə, Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistandadır. SEZAR özüyeriyən artilleriya qurğuları ilə bağlı əldə edilən məlumata görə, bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi İrəvana çatdırılıb. Təchizatın miqyasını daha yaxşı anlamaq üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.
Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən İrəvanla hərbi əməkdaşlığa, hətta təlimlərə start verir. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Görünür, ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır və bu yolda ermənilərdən istifadə olunur. Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-yə inteqrasiya etmək xətti tutub. Digər yandan 102-ci bazanın çıxarılması gündəmə gəlib. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-ın nümayəndələri var. ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar. Bununla yanaşı, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor” Atom Elektrik Stansiyasını daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır. Şübhəsiz ki, sülh prosesinin davam etdiyi bir məqamda hərbi kömək edilməsi Ermənistanda revanşist hissləri oyadır. Qərb və ABŞ bu addımı atmaqla Rusiya-Ukrayna müharibəsi fonunda bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərir. O ki qaldı regiondan min km-lərlə kənarda olan Hindistana - ABŞ-ın və Fransanın diktəsi ilə oturub duran bu ölkə 44 günlük müharibədən sonra Ermənistanı silahlandıran ölkələrdəndir. 2024-2025-ci maliyyə ilində Ermənistan Hindistandan 600 milyon dollar məbləğində silah alıb. Məlumata görə, onlar Ermənistana “Pinaka” raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd Pinaka batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib.
Beləliklə, qlobal və təhlükəli bir oyunun oyuncağına çevrilən Ermənistan rəhbərliyi isə beynəlxalq vəziyyəti doğru-düzgün dərk etmək iqtidarında deyil və ölkəsini açıq-aşkar fəlakətə sürükləyir. Yeni “sahib” axtarışında olan İrəvan Rusiyadan qurtulub, Fransanın və ya ABŞ-ın qucağına atılmaqla “ağ günə” çıxacağını, bütün problemlərini həll edəcəyini güman edir. Lakin Qərbi şübhəsiz ki, Ermənistan deyil, onun geosiyasi məkanı və geosiyasi məqsədləri maraqlandırır. Amma Ermənistan hökuməti və erməni xalqı arasında bütün bunlar yanlış olaraq işğalçı ölkəyə və onun siyasi ambisiyalarına dəstək kimi qəbul edilir. Şübhəsiz ki, Azərbaycan da baş verənləri diqqətlə izləyir, Baş nazir Nikol Paşinyan Ermənistanın “qəribə” davranışlarını, ikibaşlı oyunlarını, sülh müqaviləsi layihəsindəki müddəalarla bağlı haqlı tələblərini qulaqardına vurmasını, prosesi uzatmaqla güclənmək üçün vaxt qazanmaq niyyətini tam olaraq dərk edir. Bununla bağlı rəsmi İrəvana dəfələrlə xəbərdarlıq da edilib. Yəni, Azərbaycan onun suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq siyasi və iqtisadi maraqlarına kiçik bir təhdid hiss edərsə, türk qardaşlarımız demiş, “gərəyini yapacaqdır”.
"Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar". Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı bildirmişdi. Dövlət başçısı deyib: “Onlara Amerikadan indi 250 milyon dollar pul verilir. O puldan onlar istifadə edəcəklər öz daxili məqsədlərinə, qənaət olunan pula isə silah alacaqlar bizi öldürməyə. Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq, o pulu onlara verən. O cümlədən dırnaqarası Avropa Sülh Fondu. Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, ondan istifadə edir Ermənistan, Fransadan pulsuz silah alır”. Prezident həmçinin qeyd edib ki, Azərbaycanın şərtləri yerində qalır: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.
Azərbaycan qalib tərəf olsa da, dəfələrlə humanistlik edərək Ermənistana sülh əlini uzadıb. Üstəgəl, ikitərəfli təmaslar nəticəsində normallaşma istiqamətində müəyyən irəliləyişin əsas səbəbləri məhz rəsmi Bakının qətiyyəti, prinsipiallığı və diplomatik məharətidir. Ermənistan hakimiyyəti bunu başa düşür. Lakin başa düşdüyü halda sülhdən yayınır. Bunu göstərən bir neçə amil var: Azərbaycanın göndərdiyi təkliflər paketinə hər dəfə dəyişiklik edərək vaxt qazanmaq istəyi; Prinsipial məsələlərlə bağlı Bakı ilə razılığa gəlməməsi; Azərbaycanın əsas tələbinə müvafiq olaraq hələ də konstitusiya dəyişikliyini gündəmə gətirməməsi; Artan hərbi təxribatlar. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan qərarını verib: sülh istəmir.
Sevinc Azadi, “İki sahil”