29 oktyabr 2024 23:57
864

Sən əlçatmaz zirvəsən, əziz müəllim... - FOTOLAR

(Tələbələrin sevimlisi, ümid yeri olan Umud İbrahimov haqqında böyük sənətkarların fikirlərini qələmə aldım)

Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Məhz bu yazının qəhrəmanı da ürəklərdə taxt quran, əbədiyaşarlıq qazanan İbrahimov Umud Ağasif oğludur. O, 1970-ci ildə Bakıda, ziyalı ailəsində doğulub. Valideynləri neft və kimya mühəndisləri olublar. O vaxtlar övladına musiqi təhsili vermək mədəni və aristokrat olmağın göstəricisi sayılırdı. Beləcə Lətifə xanım və mərhum Ağasif bəy balaca Umudu musiqi məktəbinin tar sinfinə qoyublar. Tarzən olmaq isə Umudun şəxsi seçimi idi. Mərhum Xeybər Bağırov ilk müəllimi olub, bu sənəti ona sevdirib və qabiliyyətinə bələd olduqca, yeni istedad kəşf etdiyini düşünüb. Zaman keçdikcə, məktəbli Umud tarı sevib. Bakıxanov qəsəbəsindəki 4 saylı musiqi məktəbində ilk təhsilini aldıqdan sonra o, Asəf Zeynallı adına Azəbaycan Dövlət Musiqi Texnikumunda ixtisasdan Akif Novruzov, muğamdan Elxan Müzəffərov, daha sonra isə Bakı Musiqi Akademiyasında ixtisasdan Xalq artisti, professor Ramiz Quliyev, muğamdan Xalq artisti, professor Ağasəlim Abdullayev onun müəllimləri olubar və dirijorluq ixtisası üzrə təhsil alıb. Hər iki musiqi məbədini-texnikumu və ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” tədris teatrında başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkətinin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 2002-ci ildən 2015-ci ilə qədər AMK-da müəllim, baş müəllim işləyib, 2015-ci ildən bu günə qədər ADMİU-da Xalq çalğı alətləri ifaçılığı kafedrasına rəhbərlik edir, dosentdir, Respublikanın Əməkdar müəllimidir.

“Müəllim” ərəbcədən tərcümədə “dərs keçən, tədris edən” deməkdir. O, dərs deməklə yanaşı, həm də nəsihət verən, öyüd verən, öyrədən, ağıl verəndir. Əsl müəllimdən tələb olunur ki, bilikli, savadlı, tərbiyəli, uşaqlar yetişdirsin və bu məktəblilər, gənclər peşəsini sevən, xalqın, Vətənin gələcəyi üçün hazırlanan ləyaqətli vətəndaş olsunlar. Görkəmli pedaqoq V. Suxomlinski müüəllim haqqında deyirdi: “O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər. Uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub”. Məhz Umud İbrahimov bu keyfiyyətləri özündə əks etdirən ali dərəcəli ali məktəb müəllimidir. O, öyrətdiyi tar sənətinin incəliklərini çox yaxşı bilir. Umud müəllimin dərin biliyə malik olması, geniş dünyagörüşü, dünya musiqi korifeylərinin əsərlərini gözəl ifa etməsi tədris prosesinin effektli olmasına səbəb olur. Tələbələri onun tarın sarı simləri üzərində gəzən barmaqlarına baxdıqca, sənətin gözəlliyinə heyran olur və müəlliminə oxşamağa çalışırlar. Ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bu insanı sevən müəllimləri ondan fəxrlə danışırlar. Umud müəllimi sevənlər, haqqında fikir söyləmək istəyənlər çoxdur, bir məqaləyə sığacaq qədər bir neçə ünlü sənətkarın dediklərini çatdırmağa çalışdım.

Vamiq Məmmədəliyev-Xalq artisti, Prezident təqaüdçüsü: "Umud müəllim sevimli tələbəm olub. Hələ tələbəlik illərindən çox ədəb-ərkanlı, tərbiyəli, çalışqan, savadlı, dərslərdə xüsusi seçilən gənc idi. Yaxşı yetişdi. Böyük müəllim ordusunun layiqli üzvü oldu. O, konservatoriyaya işləməyə gələndə elə sevindim ki! İstedadına bələd olduğum üçün bilirdim ki, o, musiqi xəzinəmizə dəyərli töhfələr verəcək. Umud İbrahimov Elxan Müzəffərov, Ramiz Quliyev, Ağasəlim Abdullayev kimi böyük sənətkarlardan dərs alıb. Not ixtisasını işlədiyi kollektivdə və ümumiyyətlə, mübaliğəsiz deyirəm ki, ondan yaxşı bilən ola bilməz. Gözündən heç bir not yayınmır. Azərbaycan, Avropa və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edir. İnsani keyfiyyətləri də çox yüksəkdir-çörək kəsməli, evinə, ailənə üzv etməli adamdır. O, professor adını daşımağa layiq sənətkardır. İş təcrübəsi əvəzsizdir. Mənim çıxışımda xahiş edirəm, bunu da qeyd edəsiz- bu sadə və böyük insanı, ADMİU-nun kafedra müdiri Umud İbrahimovu yaşından və vəzifəsindən asılı olmayaraq hər kəs “Umud müəllim” deyə çağırsın. Onun adını çəkib, “müəllim” deməyənlərə qıcıqlanıram."

Ağasəlim Abdullayev-Xalq artisti, Prezident təqaüdçüsü: "Umud İbrahimov tələbəm idi. Mən onu özümə dost, qardaş bilirəm. Ən çox sevdiyim sənətkardır. O, ən yüksək vəzifəyə layiqdir, amma vəzifə adamı deyil, inzibatçılığı sevmir, səmimi və demokratik olmaqla yanaşı, çox tələbkardır. O, insanların-iş yoldaşlarının, tələbələrin yaxın dostu, sirdaşıdır. Əsil insandır. Məhz bu keyfiyyətlərinə görə deyə bilərəm ki, universitetimizdə onun kimi ikinci kafedra müdiri yoxdur. Bu sözlər gəlişigözəl, dostluq xatirinə deyilən sözlər deyil, həyat həqiqətləridir. Notu və muğamı incəliklərinə qədər bilir. Çox gözəl müəllimdir."

Zamiq Əliyev-Xalq artisti, Prezident təqaüdçüsü: "Elə bir adam haqqında danışacam ki, leksikonumuzdakı ən yaxşı sözləri tapıb işlədə bilim. 2015-ci ildə ADMİU-nin Xalq çalğı alətləri ifaçılığı kafedrasına müdir gələndə Umud İbrahimovun 45 yaşı vardı. Fikirləşdik ki, bu cavan oğlandır, kafedranın işini apara biləcəkmi, idarəçiliyi bacaracaqmı? Sən demə, Umud müəllim elə anadangəlmə hər bacarığa malik insanmış. Həm tədrisi, həm işi təşkiletməni, yoldaşlarla münasibəti gözəl qurur, məhz  bu səbəbdən də tələbələrinin sevimlisinə çevrilib. Üstəgəl, gözəl ailə başçısı olması onun yüksək insani keyfiyyətlərindən xəbər verir. Xanımı da, qızı da musiqiçidir. O, sənətə dəyər verən tələbkar müəllimdir. Bu gün səhnələri çalğısı ilə riqqətə gətirən Bəxtiyarı, Səxavəti, Şəhriyarı, Nurlanı və adını unutduğum onlarla tələbəsi Əməkdar artist, sabahın Xalq artistləridir.  Hər zaman işinin başında olsun!"

Ceyran Mahmudova-Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor: "Əməkdar müəllim Umud İbrahimov xeyli vaxtdır ki, ADMİU-da kafedra müdiri və müəllim kimi çalışır. Bu illər ərzində o, tələbə və müəllimlərin hörmətini qazanmış, neçə-neçə gənc tarzən yetişdirmişdir. Düşünürəm ki, xalq çalğı alətləri ifaçılığı sahəsində U. İbrahimov bundan sonra da var gücü ilə çalışacaq, yetirmələri isə mədəniyyət sahəsində öz layiqli yerlərini tutacaqlar."

Mehriban Qasımova-sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, fakültənin dekan müavini: "Ümud müəllimdə güclü atalıq hissi var. Təşkilatçılığı, vəzifəsini nümunəvi icra etməsi, tələbələrlə dost və yaxın olması məhz bu səbəbdəndir. O qədər səmimi adamdır ki, universitetimizin qadınları onu özünə qardaş bilir, ürək sözlərini utanmadan, çəkinmədən Umud müəllimə deyirlər. O bizim sevincimizin şəriki, dərd ortağımızdır. O qədər gözəl insan, pedaqoqdur ki, haqqında saatlarla danışmaq olar. Allah ona sağlam can, uzun ömür versin."

Mirnazim Əsədullayev-Əməkdar artist, kamança ifaçısı: "On ilə yaxındır ki, Umud ibrahimovla birlikdə işləyirəm. Savadlıdır,  tələbkardır, qanunun tələbləri ilə işləyəndir, tələbə onun idealıdır, uşaqlara canını verir. O, müəllim olmasaydı, tanınmış ifaçı olardı. Lakin öyrətməyə üstünlük verib. Tarın metodikasını çox gözəl bilir. Gözəl dost, etibarlı yoldaş, işinin bilicisi olan sənətkardır. Umud müəllimlə ailəvi dostuq."

Teymur Göyçayev-“Şöhrət” ordenli Xalq artisti, Prezident təqaüdçüsü, skripka ifaçısı: "Umud İbrahimovu 2010-cu ildən tanıyıram. Bülbül adına orta ixtisas məktəbinə işləməyə gələndə gənc idi. Gördüm ki, əsl ziyalıdır, intellektual səviyyəsi yüksəkdir. O, əsil insan, sənətkar yetişdirir. Sayəsində sənətə kamil vəsiqə alan, tanınmış, məşhur tar ifaçıları nəsli yetişib. Bu gün Şəhriyarı tanımayan yoxdur. O, və onlarla başqaları var ki, Umud İbrahimovun tarixdə canlı imzasıdır. Umud müəllim ADMİU-da işləyir, bizdə də dərs saatları var. O, həm müəllim, həm ifaçı, həm də insan kimi çox gözəl keyfiyyətlərə malikdir.

Umud İbrahimovun həyat yoldaşı Sevinc xanım da musiqiçidir, piano ifaçısıdır. Valideynlərinin sənət ocağından od götürən qızı Aytən isə skripka ifaçısıdır. Qran-pri mükafatçısı olan bu gənc sənətkar Prezident təqaüdü ilə ADMİU-da bakalavr təhsilini başa vurub,  Almaniyada magistr təhsili alır. Skripkası ilə Avropadan Azərbaycanı dünyaya təqdim edir.

Umud İbrahimov 55 yaşına qədəm qoyub. Bu illərdə çox uğurlar qazanıb. Ən böyük uğuru isə insanların dərin sevgisini qazanmasıdır. Belə sevgi ürəklərdə kök salır, əbədiyaşar olur...

Rəhilə Misirxanlı,
Azərbaycan İlahiyyat İnstitutunda çıxan “İlahiyyat” jurnalının baş redaktor müavini