02 oktyabr 2024 01:58
75

Baqratın növbəti cəhdi

Və yaxud revanşist keşişin “yaz”dan fərqlənməyəcək “payız”ı

Ermənistanda yenidən revanşizm meyilləri güclənməyə başlayıb. Hətta “mübarizə yalnız özü və onun bütün iştirakçıları öləndə bitəcək” deyən Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop  Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” təşkilatı hayları oktyabrın 2-də Respublika meydanına dəvət edib. Təşkilatın çağırışında deyilir ki, guya “Müqəddəs mübarizə” hərəkatının “qələbə və ümid” mərhələsi başlayır. Hətta xəstə təfəkkürlü Baqrat təşkilatın gələcək  fəaliyyətinə məhz həmin gün start veriləcəyini bildirib.

Şübhəsiz, revanşistlərin yenidən Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə yanaşı,  anti-Azərbaycan şüarları ilə yenidən meydana atılmalarında Qərbin, o cümlədən Fransa və ABŞ-ın təcavüzkar ölkəni həm silahlandırması, həm də maliyyələşdirməsi, bir sözlə, şirnikləndirməsi əsas rol oynayır. Bütün ermənilərin katolikosu II Qaregin də bu prosesə öz “töhfə”sini verməkdədir.

Amma  sadə erməni xalqı yaxşı başa düşür ki, məhrumiyyətlərə düçar edən, uzun illər hakimiyyətdə olduqları müddətdə onlara qan udduran, hiyləgərlikləri və qəddarlıqları ilə ad çıxaran, hər vəchlə Paşinyanın iqtidardan getməsi üçün çalışan  “Qarabağ klanı”nın, xüsusilə keçmiş prezidentlər  - Robert Koçaryan və Serjik Sarkisyanın, həmçinin kilsənin dəstəklədikləri bu hərəkat ölkəni fəlakətə sürükləyir. Yeri gəlmişkən, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sentyabrın 26-da hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərə deyib ki, məhz keçmiş hakimiyyətin apardığı siyasətin nəticəsidir ki, Ermənistan blokadaya alınıb və bu gün də təcriddə qalmaqda davam edir: “Məhz həmin siyasətin nəticəsidir ki, Ermənistan 30 ildir iqtisadi cəhətdən inkişaf etməyib”. Buna görə də sadə xalq sülh danışıqlarında gah nala, gah mıxa vurmasına baxmayaraq hazırkı baş nazir Nikol Paşinyanı dəstəkləyir. Şübhəsiz, bu da xalqın Paşinyana olan etimadından xəbər verir. Əgər belə olmasaydı, baş nazir 2026-da keçiriləcək növbəti seçkilərdə heç bir maneə olmadan qalib gələcəklərini deməzdi,  tərəfdarlarını 2031-ci il seçkiləri haqqında düşünməyə çağırmazdı.

Artıq bu, bir faktdır ki, “Vətən naminə Tavuş” adlı qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən, mahiyyətcə “Qarabağ klanı”nın marionetkasına çevrilən, din xadimi yoxsa siyasətçi olduğu anlaşılmayan arxiyepiskop Baqrat Qalstanyanın bir neçə ay öncə bütün Ermənistanı gəzib-dolaşmasına, hətta paytaxtda mitinqlər keçirməsinə baxmayaraq, o, Ermənistanın baş naziri Nikol Paşinyan haqqında zərrə qədər də mənfi təəssürat yarada bilməyib. Üstəlik, Baqratın sentyabrın 23-də İrəvandakı idman-konsert kompleksində tərəfdarları ilə keçirdiyi görüşə qatılanların sayı da gözlənildiyindən az olub. Ermənistan Baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan öz “Facebook” səhifəsində bu azlıqla bağlı belə yazmışdı: “Toplantıya adam da gətirə bilmirlər, amma Qarabağı qaytarmaqdan danışırlar. Əsas olan pafos və insanları aldatmaqdır, qalan şeylər heç vaxt onları maraqlandırmır”.

Elə bu kimi səbəblərdən “Armenian Report” saytı Baqratı ABŞ istehsalı olan məşhur “Taxt-tac oyunları” teleserialındakı personajlardan biri olan  Yüksək Sərçə adlandırıb. Bu mənada onun növbəti kütləvi aksiyalarda hansısa nəticəyə nail olacağı əsla inandırıcı görünmür. Yəni, Ermənistanda revanşistlərin hakimiyyəti ələ keçirmək imkanı sıfıra bərabərdir.  Bütün bunlar isə ondan xəbər verir ki, Baqratın və onun həmfikirlərinin yazda olduğu kimi, payızda da uğursuzluğa düçar olacağı şübhəsizdir. Daha doğrusu, onun əgər belə demək mümkünsə, cücəni  payızda saymaq sevdası da bir nəticə verməyəcək.

Yeri gəlmişkən qeyd edək ki,  erməni xislətinə xas qarayaxma kampaniyası ilə məşğul olan, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəməyən Baqrat Qalstanyan həmişə çıxışlarında Azərbaycan əleyhinə  qəbuledilməz ifadələr işlədir. Məsələn, o, gah artıq tarixin zibilliyinə göndərilmiş “artsax”dan danışır, gah da delimitasiya və demarkasiya proselərinə kölgə salmağa çalışır. Bir din adamı kimi sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə şovinistliyi təbliğ edən Baqrat Qalstanyan həm də Qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxışlar edir. Hətta utanıb-qızarmadan Azərbaycanın “yeni təcavüzə” hazırlaşdığını da söyləyir. Bütün bunlarla da o, iki ölkə arasında aparılan sülh danışıqları prosesinə mənfi təsir göstərməyə cəhd göstərir və açıq-aydın şəkildə bölgəni müharibəyə sürükləyənlərin sırasında yer alır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”