02 oktyabr 2024 00:44
129

Başıbəlalı gözəl Dərələyəz...

Ona “Qafqazın İsveçrəsi” də deyiblər

İrəvan xanlığının mahallarından biri olan Dərələyəz vaxtilə təbiətinin gözəlliyinə görə "Qafqazın İsveçrəsi" adlandırılıb. Böyük rus şairi Aleksandr Puşkin buradan keçib Tiflisə gedərkən Dərələyəzin əsrarəngiz təbiəti ona möcüzə kimi görünüb. Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə "Səlim aşırımı" deyilən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kvadrat-kilometrdir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə edib. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz mahalı 102 kəndi əhatə edirdi. Xalqın bölgüsünə görə, üç hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi.

Əsrarəngiz flora və faunası ilə fərqlənən və sevilən bu yerlərdə dinc həyat, xoşbəxt günlər Rusiya imperiyasının hücumları ilə pozulub. İyirmi üç il imperiya orduları ilə döyüşən irəvanlılar mərdanəliklə vuruşur, doğma yurdu qəsbkarlardan igidliklə qoruyurdular. Onların bu dirənişləri 1828-ci ilədək davam etdi. Bölgədə gizli casusluq edən keşişlərin satqınlığı və digər amillərə görə İrəvan qalası süqut etdi.

Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İrandan və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qaldı. Köckün ermənilər yerlilərin anbarlarında, tövlələrində və yardımçı daxmalarında məskunlaşdırıldılar. Sonra onlara torpaq sahəsi ayrıldı və hökumət ev tikmək üçün yardım etdi. Elə kəndlər də vardı ki, kəndin yarısında azərbaycanlılar, digər yarısında ermənilər yaşayırdılar. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1 faizini azərbaycanlılar, 5,8 faizini ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8 faizə çatdı. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edildi. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 kvadrat-kilometr, əhalisi 76 551 nəfər idi. Əhalinin 70,5 faizini azərbaycanlılar, 27,5 faizini ermənilər təşkil edirdi. 1918–1920-ci illərdə Bakıda başlayan kütləvi qırğınlar bölgələrdə davam etdirildi. Dərələyəzin azərbaycanlı əhalisi də  dəhşətli soyqırımına məruz qaldı, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edildilər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan Azərbaycandan qoparılıb Ermənistana verildi.

Həmin illərdə Dərələyəzin Herher kəndində yaşamış Allahverdi İlyasov söhbət edirdi ki,  kütləvi qırğınlar başlananda çörək pulu qazanmaq üçün Bakıdakı neft mədənlərindən birində fəhlə işləyirmiş. Dərələyəzdəki qırğını eşidən kimi "xozeyn"dən, yəni mədənin sahibindən icazə alaraq Herherə gəlib. Kəndə ayaq basanda görüb ki, küçələr meyidlə doludur, kimi güllələnib, kimi süngülənib və ya qılıncla doğranıb. İtlər elə ulaşır ki, adamın başında tüklər biz-biz olur. Öz evinə gedir, görür ki, heç kəs yoxdur. Ölülərin də arasında onları tapmır və düşünür ki, Naxçıvan yaxındır, yəqin ora gediblər. Gecələr gizli dağ cığırları və meşə yolları ilə Naxçıvana gedir və ailəsini orada tapır.

Bütün iki əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indiki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olundular. Əmlakları, ömür boyu qazandıqları varidatları əllərindən zorla alınmış dərələyəzlilər yük qatarlarında köçrülüb Azərbaycanın isti rayonlarına gətirildilər. Sərin dağ havası udmuş, bulaq suyu içmiş adamlar aran yerlərinin qaynar havasına dözməyib yoluxucu xəstəliklərə düşür və ölürdülər. On minlərlə insan bu deportasiyanın qurbanı oldu. Ancaq bu, erməniləşmiş Sovet hökumətini və onun cəllad rəhbəri İosif Stalini qətiyyən narahat etmədi. Qeyri-rəsmi məlumata görə, Sovet ordusu 1946-cı ildə Təbrizə qədər gedərək orada bolşevik üsul-idarəsi yaratdı. Bundan narahat olan Anastas Mikoyan Stalinlə ciddi söhbət edərək ona bildirmişdi ki, iki Azərbaycan birləşsə Ermənistan və Gürcüstan onun yanında cırtdan dövlətlər olacaq. Məhz bu söhbətdən sonra Stalin əmr verərək qoşunları Təbrizdən geri çəkdi və nəticədə orada vəzifələrdə çalışmış bir çox azərbaycanlılar repressiyalara məruz qoyuldular.

Bundan sonra ermənilər daha geniş əl-qol açdılar. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölündü. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpaçay ilə Naxçıvançay arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Dağların uzunluğu 70 kilometr, ən hündür zirvəsi Kükü dağıdır (3120 m). Xatırladaq ki, köçkün azərbaycanlılar yeni saldıqları kəndlərə Qərbi Azərbaycanda yaşadıqları kəndlərin adını verirdilər: Yeni Daşkənd, Təzəkənd, Soylan, İrəvanlı və s.

Dərələyəz həm də tanınmış şairlər, aşıqlar və alimlər yetişdirib. Xalq şairi Vahid Əziz, istedadlı şair Tofiq Yusif, Milli Məclisin üzvü olmuş filologiya elmləri doktoru, Əməkdar elm xadimi, türkoloq və şair Həsən Mirzə, Azərbaycanın Milli Qəhrəmanları Maşallah Abdullayev və Vəzir Orucov, Aşıq Mehdi və Aşıq Fətullah müasir hərb tariximizin və Azərbaycan mədəniyyətinin tanınmış simalarıdır. Hazırda hərbi stukturlarımızda əslən Dərələyəzdən olan bir neçə general çalışmaqdadır. Ümumiyyətlə, bu yurdun şöhrət qazanmış şəxsiyyətləri çoxdur və ölkəmizin ictimai həyatında fəallıqları ilə seçilirlər. Sağ qalanların hamısının bir arzusu var: Dədə-baba yurduna qayıtmaq, müqəddəslərimizin ruhunu şad etmək.

Vəli İlyasov, “İki sahil”