05 oktyabr 2024 14:38
86

MSK sədri Qazaxıstanda referendumu müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti Qazaxıstanda keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə MSK-dan məlumat verilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.

MSK nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidə aparacaqlar.