05 oktyabr 2024 17:26
374

“Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi olub

Oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Vəsimə İsmayılqızının “Heydər Əliyevin Vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  təqdimatda görkəmli elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə kitabın əhəmiyyəti, Heydər Əliyevin ölkə üzrə səfərlərinin Azərbaycanın inkişafı üçün oynadığı rolu və bu səfərlərin tarixə qızıl hərflərlə yazıldığı vurğulanıb.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yolunun kitabın səhifələrində əks olunduğunu, bu kitabın gələcək nəsillər üçün dəyərli bir mənbə olduğunu vurğulayıblar. Kitabın müəllifi Vəsimə İsmayılqızı çıxışında bu layihənin həyata keçirilməsinin məqsədlərindən və çətinliklərindən danışıb, xalqımızın dahi liderinin ölkə və xalq üçün göstərdiyi xidmətlərin hər zaman yadda qalacağını bildirib. Təqdimat mərasimində, həmçinin çıxış edən qonaqlar kitabın elmi-tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər və oxuculara gələcəkdə Azərbaycanın inkişaf yolunu öyrənmək üçün bu nəşrin dəyərli bir resurs olacağını bildiriblər.

Qeyd edək ki, Vəsimə İsmayılqızının uzun illərdir üzərində işlədiyi üç seriyadan ibarət silsilə kitablarının ilk 10 cildi çapdan çıxıb. Silsilə kitabların birincisi “Heydər Əliyevin Vətən səfərləri” seriyasından olan çoxcildlikdir və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanıb. Seriya 2 kitabdan ibarət ensiklopedik toplu və Heydər Əliyevin ölkə üzrə rayonlara etdiyi səfərləri əks etdirən çoxcildlikdən ibarətdir. Həmin ensiklopedik toplunun birinci cildi Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərin ilk dövrünü əhatə edir. Topluda Heydər Əliyevin rayonlara səfərləri və Bakı şəhərindəki tədbirlər haqqında məqalələr toplanıb. Bu məqalələr ensiklopedik meyarlara uyğun olaraq bəzi istisnalarla, xronoloji ardıcıllıqla verilib. Məqalələr həmin dövrün fotoşəkilləri ilə müşayiət olunur.

Seriyaya daxil olan “Goranboyda izim qaldı”, “Beyləqanda izim qaldı” və “Şuşada izim qaldı” kitablarında rəhbərin bu rayonlara səfərləri haqqında geniş məlumatlar verilir. Silsilə kitabların ikincisi “Daxili səfərlər” seriyasından olan çoxcildlikdir və Prezident İlham Əliyevin dövlətimizin başçısı olaraq 20 illiyi münasibətilə hazırlanıb. Bu çoxcildlik onun ölkədaxili rəhbərlik fəaliyyətinin 20 ilini əhatə edir. Kitablar Prezidentin ölkədaxili səfərlərinə həsr olunub və Vətən müharibəsindən sonra işğaldan azad edilmiş bölgələrə səfərlərini əks etdirən “Zəfər səfərləri” adlı xüsusi cilddən ibarətdir.

“Daxili səfərlər” çoxcildliyinin I cildi İlham Əliyevin prezidentliyinin ilk dövründən, yəni 2004-cü il yanvarın 30-dan 2006-cı il fevralın 3-nə qədər qədər olan ölkədaxili fəaliyyətini və onun bölgələrə 20 səfərini əhatə edir. II cild isə 2006-cı il martın 1-dən 2008-ci il oktyabrın 8-ə qədər olan dövrü əhatə edir və Prezidentin bu müddətdə bölgələrə 33 səfərini xronoloji ardıcıllıqla təqdim edir.

Seriyanın çap olunmuş növbəti kitabı “Zəfər səfərləri” adlanır. Bu kitab “Daxili səfərlər” çoxcildliyinin xüsusi cildi kimi yazılıb. I kitabda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra, 2020-2022-ci illərdə Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş regionlara səfərlərindən bəhs olunur. Kitabda münaqişənin yaranma səbəbləri, müharibənin gedişi və zəfərin xronikası, Ali Baş Komandan-ordu-xalq vəhdəti geniş izah olunur.

Silsilə kitabların üçüncüsü “Zəfər kitabı” seriyasından olan çoxcildlikdir və Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunub. Hər cild Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərindən başlayaraq Vətən müharibəsinin mahiyyəti, zəfərin xronikası barədə məlumatlar təqdim edir. Kitabı vərəqlədikcə Ali Baş Komandanın rəhbərliyi ilə ordunun döyüş yolunu təkrar izləyirik.

Bu seriyaya daxil olan 3 kitab - “Zəfər kitabı: Goranboy,” “Zəfər kitabı: Beyləqan” və “Zəfər kitabı: Şuşa” artıq çapdan çıxıb.

Kitabların məsləhətçiləri və “Ön söz”lərinin müəllifləri akademik Nizami Cəfərov və professor Vilayət Quliyevdir. Redaktorlar Dilsuz Mustafayev, İsgəndər Şəklikov, İsmayıl Umudlu, korrektoru Pərvin Quliyeva, dizaynerlər Rafael Əliyev, Samir Hacıyev və Yeganə Rüstəmovadır. Çap üçün məsul şəxs Əsəd İsmayılov, koordinator Asiman İsmayıldır.