11 oktyabr 2024 09:19
520

Ermənistan silahlı birləşmələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il ötür

Dörd il əvvəl işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, azərtac-a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutublar. Gecə saatlarında raket atəşi nəticəsində şəhərin mərkəzi Ələkbər bəy Rəfibəyli küçəsindəki çoxmənzilli yaşayış binasında 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb.

Ümumiyyətlə, oktyabrın 10-da və 11-də müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə tutulub. Nəticədə dinc sakinlər həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları aparılan ərazidən xeyli məsafədə yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam etməsi barədə bəyanat yayıb.

Həmin gün düşmən gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını da hədəf alıb. Cəbhə zonasından 100 kilometr uzaqda yerləşən Mingəçevirə atılan raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.